EU4Digital təşəbbüsünün Koordinasiya komitəsinin virtual iclasının ikinci günü (oktyabrın 6-sı) gələcəkdə görüləcək işlərə, xüsusilə 2020-ci ildən sonra Şərq Tərəfdaşlığının (ŞT) rəqəmsal texnologiyalar ilə bağlı əsas prioritetləri məsələsinə yönəlib. Avropa Komissiyasının nümayəndələri, ŞT ölkələrindən olan yüksək vəzifəli şəxslər və EU4Digital proqramının heyəti daxil olmaqla, 100-dən artıq iştirakçını virtual olaraq bir araya gətirən iclasda qarşıdakı illərdə ŞT ölkələrində rəqəmsal transformasiyaya dəstəyin əhəmiyyəti bir daha vurğulanıb.
Rəqəmsal texnologiyalar, rəqəmsal məkanda getdikcə artan qarşılıqlı əlaqələrin baş verdiyi müasir dövrdə iş və cəmiyyətin vacib hissəsidir. COVID-19 pandemiyası, görüş və toplantılara qoyulan məhdudiyyətlərə baxmayaraq, inkişaf və innovasiyaları təşviq etmək üçün rəqəmsal texnologiyalar sektoruna davamlı sərmayə qoyuluşlarının əhəmiyyətini vurğulamağa davam edir.
EU4Digital təşəbbüsünün Koordinasiya komitəsinin virtual iclası, region üçün gələcək prioritetləri və Avropa İttifaqının rəqəmsal transformasiyanı dəstəkləməyə davam etdiyi və ŞT ölkələrinin müəssisə və vətəndaşlarına maddi faydalar gətirəcək sahələri müzakirə etmək imkanı verib.
2020-ci il Şərq Tərəfdaşlığı regionunda rəqəmsal texnologiyalar sektoruna dəstək üzrə Aİ-nin uzunmüddətli proqramında keçid dövrü hesab olunur. 2020-ci il üçün 20 praktiki nəticə adlı cari siyasət proqramı bu ilin sonunda başa çatır və bununla da 2020-ci ildən sonrakı məqsədlər ön plana keçəcək. 2020-ci ilin martında qəbul edilən “Dayanıqlığın gücləndirilməsi – bütün ölkələrdə özünü təsdiqləyən Şərq Tərəfdaşlığı”na dair birgə kommünikedə ŞT-nin beş əsas siyasət hədəfindən biri kimi rəqəmsal texnologiyalar sektorunun gücləndirilməsi daxil olmaqla, Aİ-nin ŞT regionuna dəstəyinin əsas elementləri əks olunub.
Şərq Tərəfdaşlığının rəqəmsal texnologiyalar üzrə gələcək prioritetlərinə dair dialoq
Avropa Komissiyasının Genişlənmə Məsələləri və Qonşuluq Siyasəti üzrə Baş Direktoratının (DG NEAR) nümayəndəsi Matye Buske müzakirəni açıq elan edərək gələcəkdə ölçülə bilən fəaliyyətlərə və regionda müsbət dəyişikliklərə imkan yaradan rəqəmsal texnologiyalar üzrə prioritetlərə töhfə vermək baxımından Şərqi tərəfdaşlıq ölkələrinin nümayəndələrinin mühüm rolunu vurğulayıb.
Aİ-nin regiondakı mümkün gələcək prioritetlərini müzakirə edən cənab Buske, Şərq Tərəfdaşlığı ölkələrində rouminq qiymətlərinin endirilməsi və yüksək sürətli internetə çıxış, elektron hökumət və dövlət xidmətlərinin rəqəmsallaşdırılması, eləcə də regionda rəqəmsal iqtisadiyyatın təşviqi daxil olmaqla, müvafiq sahələr kimi rəqəmsal infrastrukturun inkişaf etdirilməsini təklif edib. Transsərhəd ticarət, rəqəmsal bacarıqların artırılması və Şərqi tərəfdaşlıq ölkələrində kiberdayanıqlığın artırılması Aİ-nin potensial prioritet sahələri olaraq qeyd olunmuşdur.
“Aİ, ittifaqın qanunvericiliyinə və qabaqcıl təcrübələrinə uyğun olaraq tərəfdaş ölkələrin rəqəmsal transformasiyasına investisiya yatıracaq”,- deyə Buske bildirib.
Avropa Komissiyasının Kommunikasiya Şəbəkələri, Məzmun və Texnologiya üzrə Baş Direktoratının (DG CONNECT) ictimaiyyətlə əlaqələr və beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Devid Rinqrouz Aİ-nin ittifaq daxilində rəqəmsal transformasiyaya şərait yaratmağa və bu sahədə ŞT-yə dəstək verməyə sadiq olduğunu təsdiqləyib: “Aİ və onun rəqəmsal texnologiyalar ilə bağlı siyasətləri üçün olduqca həyəcanverici bir dövr olacaq və Aİ-də etdiyimiz bütün işlərin şərq tərəfdaşlarımıza da fayda verməsini təmin etmək çox vacibdir”.
Superkompüterlər, blokçeyn və süni zəka daxil olmaqla, yeni nəsil texnologiyaların inkişafı, Aİ-nin rəqəmsal texnologiyalar üzrə proqramının vacib hissəsini təşkil edəcəyini deyən Rinqrouz, ətraf mühit və iqlim dəyişikliyi üzrə hədəflərə çatmaq üçün rəqəmsal texnologiyalardan yararlanmaq və rəqəmsal texnologiyaların təmin etdiyi imkanlar və rəqəmsal bacarıqlar vasitəsilə təhsilin keyfiyyətinin artırılması gələcəkdə rəqəmsal texnologiyalar ilə əlaqədar Aİ-nin əsas sahələri olduğunu qeyd edib. Bundan əlavə, kibertəhlükəsizlik, yüksək tutumlu və təhlükəsiz şəbəkə infrastrukturu, məxfilik və məlumatların idarə edilməsi sistemləri, Şərq Tərəfdaşlığının gələcək prioritetlərinə uyğun olmaqla yanaşı, Aİ-də rəqəmsal transformasiyanın möhkəmləndirilməsi üçün çox vacib rol oynayır.
Görüş zamanı Şərqi tərəfdaşlıq ölkələrinin nümayəndələri rəqəmsal texnologiyalar üzrə gələcək prioritetlər haqqında fikir mübadiləsi aparıblar. Buraya vətəndaşlar və müəssisələr üçün elektron hökumət xidmətləri, ŞT ölkələrində əlverişli rouminq qiymətlərini təmin etmək üçün genişzolaqlı infrastrukturun genişləndirilməsi və rəqəmsal iqtisadiyyatın inkişafı daxildir. Rəqəmsal texnologiyalara çıxış təmin etmək məqsədilə daha çox insanın rəqəmsal bacarıqlarını inkişaf etdirmək, transsərhəd elektron kommersiya və elektron ticarət üçün imkanların yaradılması və məsafədən identifikasiya üçün elektron imza sistemlərinin sadələşdirilməsi rəqəmsal texnologiyaların inkişafını sürətləndirən əlavə amillər hesab edilir. İştirakçılar həmçinin rəqəmsal texnologiyaların daha da uzlaşdırılması və uyğunlaşdırılması üçün kibertəhlükəsizlik və kiberdayanıqlıq üzrə təcrübələrin, müəssisələr üçün innovativ ekosistemin yaradılmasının və məlumatların idarə edilməsi sistemlərinin əhəmiyyətini vurğulayıblar.
Bu prioritetlərin müzakirəsi Şərqi tərəfdaşlıq ölkələrində rəqəmsal transformasiyaya dəstəyi müəyyənləşdirərək 2020-ci ildən sonra Aİ-nin yeni hədəflərinə uyğun olaraq gələcək illər üçün fəaliyyətlərin müəyyənləşdirilməsinə kömək edəcək.
Koordinasiya komitəsinin iclasının qalan hissəsi Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrinin vətəndaşlarına dəstək və gözəçarpan faydalar təmin etdiyi rəqəmsal texnologiyalar üzrə əsas siyasət sahələri olan EU4Digital proqramının tematik iclaslarına həsr olunub.
EU4Digital və onun tematik sahələri haqqında daha ətraflı öyrənmək üçün EU4Digital proqramının internet səhifəsinə baş çəkin.