EU4Digital proqramı telekommunikasiya sahəsində Şərq Tərəfdaşlığı ölkələrində vətəndaşlar və müəssisələrin münasib qiymətlərlə təhlükəsiz və yüksək sürətli bağlantılardan istifadə imkanlarını dəstəkləyir. Bu məqsədlərə nail olmaq üçün EU4Digital proqramının Telekommunikasiya qaydaları tematik sahəsi üç əsas sahəni diqqətdə saxlayır:
- Rouminq qiymətlərinin aşağı salınması – Şərq Tərəfdaşlığı ölkələri arasında və mümkün olduqda Aİ ilə rouminq üzrə razılaşmaların imzalanmasına və həyata keçirilməsinə dəstək. Bu, digər Şərq Tərəfdaşlığı ölkələrinə və müvafiq hallarda Aİ-yə səyahət edərkən vətəndaşların mobil rouminq xidmətlərinə (SMS, zəng və internet) görə ödədikləri qiymətləri azaltmağa kömək edəcək.
- 5G bağlantı texnologiyasının inkişafı – Aİ-nin 5G texnologiyasının təhlükəsizliyi üzrə alətlər dəstinə əsaslanaraq təhlükəsiz 5G texnologiyasının inkişafının, eləcə də Aİ-nin qabaqcıl təcrübələrinə əsaslanan 5G şəbəkələrinin inkişafının təşviqi.
- Rəqabət qabiliyyətli genişzolaqlı internet xidmətlərinə çıxış imkanının təşviqi – Aİ ilə əlaqələndirilmiş yanaşma və ittifaqın qabaqcıl təcrübələrinə uyğun olaraq yüksək sürətli genişzolaqlı internet xidmətlərindən sərfəli qiymətə istifadənin təşviqi və monitorinqi. Eyni zamanda, bazarların bütün vətəndaşlara və müəssisələrə münasib qiymətlərlə rəqabət qabiliyyətli genişzolaqlı internet xidmətləri təklif etməsini təmin etmək məqsədilə genişzolaqlı bağlantı bazarının təhlilində yerli milli tənzimləyici orqanlara (MTO-lar) dəstək.

Digər Aİ ölkələrinə səyahət edən Aİ vətəndaşları “öz ölkələrində olduğu kimi” rouminq xidmətindən istifadə edirlər və beləliklə mobil telefondan istifadə etmək üçün əlavə pul ödəmirlər. EU4Digital proqramının dəstəyi ilə hazırlanan regional rouminq razılaşması sayəsində beş Şərq Tərəfdaşlığı ölkəsinin vətəndaşları bir ölkədən digərinə səyahət etdikdə mövcud rouminq qiymətlərinin əhəmiyyətli dərəcədə aşağı salınmasından faydalana biləcəklər. Bu, mobil rabitə şəbəkələrinin rouminq xidməti müştərilərinə Şərq Tərəfdaşlığı ölkələrində olan zaman daha sərfəli rouminq xidmətlərindən yararlanmağa imkan verəcək. EU4Digital proqramının rouminq ilə bağlı son tədqiqatının nəticələrinə əsasən (2019-cu il) qiymətlərin orta hesabla 80% aşağı salınması gözlənilir.

EU4Digital proqramının dəstəyilə hazırlanan regional rouminq razılaşması beş Şərq Tərəfdaşlığı ölkəsini əhatə edəcək. Buna baxmayaraq, Aİ və Şərq Tərəfdaşlığı ölkələrinin nazirləri Şərq Tərəfdaşlığı ölkələri və Aİ-yə üzv dövlətlər arasında rouminq tariflərinin iqtisadi cəhətdən davamlı azaldılması daxil olmaqla, vahid beynəlxalq rouminq məkanının yaradılmasının mümkünlüyünü tədqiq etməyə dair razılığa gəliblər. 2023-cü ilin may ayında Avropa İttifaqının və Moldova Respublikasının rabitə operatorları bu iki region arasında səyahət edən müəssisə sahibləri və vətəndaşlar üçün rouminq tariflərinin aşağı salınması haqqında birgə bəyannamə imzalayıblar. Bundan əvvəl, 2022-ci ilin aprel ayında Avropa və Ukrayna operator şirkətləri ukraynalı qaçqınların bir-birləri ilə əlaqə saxlamalarına kömək etmək məqsədilə münasib və ya pulsuz rouminq və beynəlxalq zənglər təmin etmək üçün razılaşma imzalayıblar. Bu razılaşma 2023-cü ilin iyul ayında daha bir il müddətinə uzadılıb.

Şərq Tərəfdaşlığı üzrə regional rouminq razılaşmasının 2023-cü ilin sonuna qədər imzalanacağı gözlənilir. Bu halda iki ildən ibarət keçid dövrü ilə sənəd 2026-cı ildə qüvvəyə minəcək. Bu keçid dövrü Şərq Tərəfdaşlığı ölkələrinin rouminq sazişinin tələblərini yerinə yetirməsi, eləcə də mobil operatorların düzəlişlər etməsi üçün kifayət qədər vaxta sahib olması üçün lazımdır.

Bəli, 5G şəbəkələri təhlükəsizdir, amma bütün zəruri təhlükəsizlik tədbirlərinin təmin edilməsi üçün müəyyən fəaliyyətlər həyata keçirilməlidir. Bu məqsədlə EU4Digital proqramının Telekommunikasiya qaydaları tematik sahəsi Aİ-nin qabaqcıl təcrübələrinə əsaslanan və “Aİ-nin 5G texnologiyasının təhlükəsizliyi üzrə alətlər dəsti” adlandırılan təhlükəsiz 5G bağlantısının qurulmasını dəstəkləyir. Bu alətlər dəsti ölkələrə, şəbəkə operatorlarına və digər maraqlı tərəflərə 5G şəbəkələrinin təhlükəsizlik riskləri və potensial zəif cəhətləri, eləcə də riskləri azaltmaq üçün qabaqcıl təcrübələr və təsirlərin azaldılması tədbirləri ilə bağlı təlimatlar təmin edir.

Milli tənzimləyici orqanlar (MTO-lar) elektron rabitənin tənzimlənməsi həvalə olunan və milli qanunvericiliyə uyğun çalışan orqanlardır. Bu dövlət orqanları elektron kommunikasiya bazarları, xidmətlər və şəbəkələrin inkişafı nəzərə alınmaqla səmərəli rəqabət, investisiya və istehlakçı maraqlarının təşviqi arasında balans yaradırlar. Buna görə də tənzimləyici orqanlara ayrıca hüquqi struktur qismində qanunsuz olaraq təsir göstərə biləcək hər hansı digər orqanlardan funksional olaraq ayrıca fəaliyyət göstərməlidirlər, çünki bu qurumların müstəqilliyi və qərarların qəbul edilməsində qərəzsiz fəaliyyətləri lazımi qaydada çalışan hərtərəfli tənzimləmə sisteminin əsasını təşkil edir.

Şərq Tərəfdaşlığı regionunda rəqəmsallaşma sahəsində təkmilləşmənin əldə olunması məqsədilə bağlantının yaxşılaşdırılması əsas siyasət sahələrindən biridir. Şərq Tərəfdaşlığı təşəbbüsünün 2020-ci ildən sonrakı dövrünə dair birgə kommünikedə də belə qeyd olunub. Sərfəli internet bağlantısı olmadan Şərq Tərəfdaşlığı ölkələrinin vətəndaşları və müəssisələr rəqəmsal texnologiyalar sahəsindəki planları müəyyən edə bilmirlər.
EU4Digital proqramının II mərhələsində Şərq Tərəfdaşlığı regionunda bağlantının yaxşılaşdırılması istiqamətində ilk addımlardan biri bu ölkələrdə stasionar və mobil genişzolaqlı internet xidmətlərinin əlçatanlığı baxımından mövcud vəziyyətin qiymətləndirilməsinə yönəlib. Məsələn, əhalinin hansı hissəsi yüksək sürətli internetdən istifadə edə bilir? EU4Digital proqramının Telekommunikasiya qaydaları tematik sahəsi yüksək sürətli və təhlükəsiz bağlantını təşviq etmək məqsədilə beş Aİ-yə üzv dövlətin qabaqcıl təcrübəsini təhlil edən hesabat hazırlayıb. Şərq Tərəfdaşlığı ölkələri bu təcrübəni genişzolaqlı bağlantı bazarının inkişafının monitorinqində və həmin ölkələrin milli ehtiyaclarına cavab verən genişzolaqlı bağlantıya dair siyasətlərin həyata keçirilməsində tətbiq edə bilərlər.

Bağlantının yaxşılaşdırılması üçün elektron kommunikasiyalar bazarlarının bütün vətəndaşlara və müəssisələrə rəqabətə davamlı xidmətlər təklif etməsini təmin etmək çox vacibdir. Bu məqsədlə də EU4Digital proqramının Telekommunikasiya qaydaları tematik sahəsi genişzolaqlı bağlantı sahəsi ilə əlaqədar elektron kommunikasiyaların təhlilinin həyata keçirilməsində Şərq Tərəfdaşlığı ölkələrindəki milli tənzimləyici orqanları dəstəkləyəcək. Əldə olunmuş bu nəticələrə əsasən MTO-lar rəqabət qabiliyyətinin zəif tərəflərini müəyyən edə və rəqabətin olmaması, provayderlərin və ya xidmətlərin məhdud seçimi, yüksək qiymətlər və zəif şəbəkənin olması kimi problemləri həll etmək üçün müvafiq tənzimləyici tədbirlər görə bilərlər.
