EU4Digital təşəbbüsü Aİ-nin Şərq Tərəfdaşlığı (ŞT) birgə siyasət təşəbbüsünə daxil olan ölkələrdə rəqəmsal transformasiya və rəqəmsal bazarların uyğunlaşdırılmasına dəstək verən əsas regional proqramıdır.
EU4Digital təşəbbüsü Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı təşəbbüsü çərçivəsində Aİ-nin Vahid Rəqəmsal Bazarının faydalarını Şərq Tərəfdaşlığı ölkələrinə qədər genişləndirməyi nəzərdə tutur. Daha güclü rəqəmsal iqtisadiyyatın və cəmiyyətin inkişafı vasitəsilə daha çox iş yerləri yaratmaq, iqtisadi artım əldə etmək, sahibkarlıq müəssisələrinə kömək etmək və ŞT ölkələri vətəndaşlarının həyatını yaxşılaşdırmaq mümkün olacaq.
Aİ EU4Digital təşəbbüsü vasitəsilə rouminq tariflərinin azaldılmasına, iqtisadiyyatların gücləndirilməsi və elektron xidmətlərin genişləndirilməsi, eləcə də kibertəhlükəsizliyin əlaqələndirilməsi və cəmiyyətin bütün sahələrində – logistika sahəsindən səhiyyəyə, rəqəmsallaşdırma proseslərinin uyğunlaşdırılması, bacarıqların artırılması və rəqəmsal texnologiyalar sənayesində yeni iş yerlərinin yaradılması üçün yüksək sürətli genişzolaqlı bağlantının inkişafına dəstək verir.
Dayanıqlı rəqəmsal transformasiyanı dəstəkləmək üçün EU4Digital təşəbbüsü vətəndaşlara, dövlət idarələrinə və müəssisələrə ümumavropa elektron xidmətlərinin təmin edilməsində müşahidə olunan mövcud maneələri aradan qaldırmağa kömək edir. Nəticədə geniş çeşidli onlayn xidmətlər təkmilləşdiriləcək və daha sərfəli olacaq. Bu da yeni sərmayələrin cəlb edilməsi, ticarət və məşğulluğun artırılması, o cümlədən mövcud şirkətlərin daha cəld inkişafı və startapların daha da asanlıqla yaradılması ilə nəticələnəcək. Bu təşəbbüs Şərq Tərəfdaşlığı regionu üzrə İqtisadi və İnvestisiya Planı çərçivəsində rəqəmsal transformasiya sahəsində investisiya layihələrinin həyata keçirilməsi üçün zəmin yaradır.
Aİ tərəfindən maliyyələşdirilən üçillik EU4Digital Proqramının II mərhələsi (2022-2025-ci illəri əhatə edir) EU4Digital təşəbbüsünün əsasını təşkil edir. Bu, həmin proqramın ilk mərhələsinin (2019-2022-ci illərdə icra olunub) nailiyyətlərinə əsaslanır. Proqram əsas tematik sahələrdə rəqəmsal transformasiya vasitəsilə Şərq Tərəfdaşlığı ölkələrinin iqtisadiyyatının və idarəçilik sisteminin gücləndirilməsinə yönəlib:
- Telekommunikasiya qaydaları
- Elektron etimad və transsərhəd rəqəmsal xidmətlər
- Elektron ticarət
- Elektron səhiyyə
- İKT, İnnovasiyalar və Startap ekosistemləri
- Rəqəmsal bacarıqlar
Bu dəstək sahələri 2016-cı ildə yaradılan və Şərq Tərəfdaşlığı ölkələrinin və Aİ-yə Üzv Dövlətlərin nümayəndələrindən ibarət olan altı EU4Digital şəbəkəsini əks etdirir.
EU4Digital təşəbbüsünə rəqəmsal xidmətlərin istifadəsində kibertəhlükəsizliyin gücləndirilməsinə və etimadın artırılmasına yönəlmiş EU4Digital: Cybersecurity EAST və Aİ-nin tədqiqat və təhsil icmalarını bir araya gətirmək üçün şəbəkə infrastrukturunu və xidmətlərini genişləndirməyə yönəlmiş EU4Digital: EaPConnect kimi digər layihələr də daxildir.
EU4Digital təşəbbüsü çərçivəsində həyata keçirilən layihələr və EU4Digital təşəbbüsü üzrə məzmun və məqsədlər təmin edən Aİ-nin siyasəti və ŞT siyasət komponentləri haqqında daha ətraflı oxuyun.