Rəqəmsal İnkişaf: İnformasiya texnologiyalarında gender bərabərliyi

  • Tarix: 15/09/20
  • Paylaş:

Cəmiyyətin təbəqələşməsi təbii haldır və heç bir ölkə bunu sona qədər aşa bilməyib. İnternet hər kəs üçün bərabər şərtlərlə məlumat əldə etmək vasitəsi kimi düşünülsə belə, rəqəmsal məkanda hələ də boşluqlar var: cinsi, mülki, mədəni və s.

Azərbaycanda vəziyyət belədir: qadınlar informasiya cəmiyyətinin və rəqəmsal iqtisadiyyatın inkişafında fəal iştirak edirlər. Onlar informasiya texnologiyalarının (İT) aktiv istifadəçiləridir, lakin nadir hallarda istehsalçı qismində çıxış edirlər. Texnologiya sektorunda ən yüksək vəzifələri kişilər tutur.

İT gender bərabərliyinə və qadınların səlahiyyətlərinin artırılmasına əhəmiyyətli rol oynayacaq. Texnologiyalar qadınlara və qızlara məhsuldar iş, reproduktiv fəaliyyət və ictimai həyatda iştirak üçün vacib olan məlumatları və əlavə mənbələri əldə etmək imkanı verir. İT-yə çıxışı ilə qadınlar icma, hökumət və qlobal səviyyədə fikirlərini ifadə etmək üçün daha çox imkana sahib ola bilərlər. Bu qadınlar üçün zaman və məkanda fəaliyyət sərbəstliyini də təmin edir ki, bu da sosial təcriddə qadınlar üçün xüsusi dəyər ola bilər.

Müasir dövrdə rəqəmli iqtisadiyyat inkişaf üçün geniş imkanlar açılır. Təsadüfi deyil ki, bütün ölkələr bu istiqamətdə təşəbbüslər irəli sürür, proqramlar, strategiyalar qəbul edir və həyata keçirirlər. Son illər  rəqəmli iqtisadiyyatda gender bərabərliyinin bərqərar olunması vacib amil kimi qeyd olunur. Azərbaycanda da bu məqama xüsusi diqqət yetirilir. Ölkədə qadınlar İT sektorda əhəmiyyətli rol oynayır. Son iki ili götürsək, qeyd edə bilərik ki, ölkədə informasiya və rabitə sahəsində çalışan 26 500 işçinin 29,7%-ni qadınlar təşkil edir. İldən-ilə texnologiyalardan istifadə edən qadınların sayı da artır. Məsələn, bu gün internetdən istifadə edən işçilərin 47%-i qadındır. Sosial şəbəkələrdə qadınlar aktiv iştirak edir. Azərbaycan “Facebook” istifadəçilərinin 34%-i, “Instagram” istifadəçilərinin isə 36%-i qadınlardır.

Ölkədə xüsusi olaraq qadınlar üçün platformalar var. Bunlara misal olaraq, “Girls Code” platformasını göstərmək olar. Bu platforma Azərbaycanda qadınların İT sektorunda fəal iştirak etməsini, onların uğurlu karyera qurmasını, İT sektorunda olan gender bərabərsizliyinin azaldılması, bu sahədə olan xanımların sayının daha da artırılmasını  qarşısına məqsəd qoyub. Hazırda mindən çox xanım platformaya üzv olub və onlar üçün müxtəlif mövzularda, məsələn, “Mühəndis qadınlar və yeni nəsil texnologiyalar üçün virtualizasiya”, “IBM-də işləyən azərbaycanlı qadın”, “Texnologiyada qadınlar” və s. təlim və maarifləndirici tədbirlər keçirilib.

Ümumiyyətlə, ölkədə qadınların İT sektorunda təmsilçiliyi kifayət qədər yüksəkdir. Dünya təcrübəsinə baxdıqda bunu müqayisə etmək olar. Məsələn, Avropa İttifaqındakı (Aİ) 8 mln. İT mütəxəssisinin 17%-i, ofislərdə kompüterli iş yerlərinin 26%-i, “Silicon Valley” startap mühəndislərinin yalnız 12%-i qadınlardır. Bununla belə ildən-ilə qadın rəhbərlərin sayı artır.

2019-cu ildə “Fortune 500”-ə daxil olan şirkətlərdən 33-nün CEO-su qadındır. Bu isə 6,6% deməkdir. Ümumilikdə isə “Fortune 500”-ə daxil olan şirkətlərin direktor şuralarının üzvlərinin 25,5% qadındır.

“Göründüyü kimi, dünyada da bütün sektorlarda gender bərabərsizliyi hökm sürür. Bu problemin həlli vacibdir. Çünki qadınların İKT-yə cəlb edilməsi iqtisadiyyatın böyüməsini  gücləndirə  və stimullaşdıra bilər. Qadınlar yalnız işçi qüvvəsi kimi deyil, onlar həmçinin iş yerlərini yeni və fərqli bacarıqlarla zənginləşdirir, məhsuldarlığı artırır. Qadınlar sahəyə daha yaradıcı elementlər, daha əhatəli yanaşma əlavə edə bilirlər”, –Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar və rəqəmli inkişaf şöbəsinin müdiri Rəşad Əzizov belə deyir. Onun sözlərinə görə, problemə ümumi baxdıqda, gender sahəsində hüquqi baza həm beynəlxalq, həm də milli sahədə mövcuddur. Azərbaycan gender bərabərliyini və qadın hüquqlarını təmin edən beynəlxalq konvensiyalara qoşulub. Bu istiqamətdə atılan ən böyük addımlardan biri isə konstitusiyada kişi və qadınlara bərabər hüquq və imkanların təmin edilməsidir. Həmçinin, Azərbaycan Respublikasının “Gender bərabərliyinin təminatı haqqında” qanunu mövcuddur. Bu qanunda kişi və qadın bərabərliyi, onların bərabər hüquqa malik olması, bu hüquqların həyata keçirilməsinin bərabər təminatı, cəmiyyətdə bərabər sosial vəziyyətə malik olması təsbit olunub.

“Ekosistemin inkişafı üçün ilk növbədə əlaqələndirməni daha yüksək səviyyəyə qaldırmaq gərəkdir. Hazırda ekosistemə dövlət qurumları, ali təhsil müəssisələri, qeyri-hökumət təşkilatları, gender resurs mərkəzləri və tədris mərkəzləri daxildir. Hesab edilir ki, burada koordinasiyanın gücləndirilməsi üçün bir platformaya ehtiyac var. İkinci addım olaraq İKT Qadın Forumunu keçirmək olar və mövcud vəziyyət, problemlər, gözləntilər ətrafında müzakirələr aparmaq olar”, – deyə R. Əzizov qeyd edib.

Qadınların rəqəmsal iqtisadiyyata çıxışını artırılması

Bu məqsədlə YUNESKO-nun dəstəyi ilə Azərbaycanda “İKT LAB” Tətbiq və Tədris Mərkəzi tərəfindən “Rəqəmli qızlar (“Digital Girls”) – Milli təlim proqramı” adlı layihə həyata keçirilib. Layihənin məqsədi genderarası rəqəmli fərqliliyin azaldılması, qadınların rəqəmli bacarıqlarının inkişafı və ölkəmizdə qadınların şəxsi inkişafının dəstəklənməkdir. Layihə çərçivəsində 560 şagird və gənc qızlara rəqəmli biliklər üzrə təlimlərdə kompüter texnologiyaları ilə yanaşı, şəxsi inkişaf bacarıqları və həyatda bu bacarıqları tətbiq etməklə uğur qazanmağın yolları öyrədilib. Həmçinin, qızlar İKT sahəsində uğurlu karyera qurmaq imkanları ilə tanış olublar. Təlimlər Bakı və Xırdalan şəhərinin məktəblərində, həmçinin Ağdam, Şamaxı, Mingəçevir, Zaqatala, Qəbələ, Ağdaş, Şabran şəhərlərində təşkil edilib.

İKT sahəsində insanların fəaliyyətini artırmaq nəinki bir fəaliyyət və məqsəddir. Bu artıq günün tələbi və ehtiyacına çevrilib.

Şəbnəm Məmmədova, “SmartNation” layihəsinin rəhbəri, “İKT-də Qadınlar Klubu”nun həmtəsisçisi

“Bu stereotiplərin fonunda hər bir qadın öz gücünə inanmalıdır. Peşənin növündən asılı olmayaraq qadınlar bu sahədə güclü mütəxəssis ola biləcəyinə, özünə inam formalaşdırmalıdırlar. Cəmiyyətin nə düşünməsindən, hansı stereotiplərə malik olmasından asılı olmayaraq ilk növbədə özünə inam olmalıdır. Daha sonra bacarıqlar, şəxsi inkişaf. İT sahəsi çox sürətlə dəyişir. Dünən üçün aktual olan texnologiya bu gün öz aktuallığını itirə bilər. Bunun üçün çox sürətlə dəyişən tendensiyalara ayaqlaşmaq gərəkdir. Bacarıqların inkişafı daimi olmalıdır”, – Ş. Məmmədova qeyd edib.

Onun fikrincə, insanları uğura aparan əsas xüsusiyyət ilk növbədə məqsədin olmasıdır. Məqsədsiz uğura çatmaq real deyil. İnsan hara gedəcəyini bilməlidir. İkinci əsas faktor isə nizam-intizam. “Məqsəd “vau” effektli ola bilər, lakin bu yolda nizam-intizam yoxdursa, ideya və məqsəd “Vau” olsa belə, istənilən nəticə alınmaz. Uğura aparan digər vacib məqam isə  – komanda işidir. Doğru komanda işi və kommunikasiya. Çünki ideya və məqsəd çox parlaq ola bilər, amma doğru şəkildə insanlarla komanda ilə kommunikasiya yoxdursa bu istiqamətdə uğur elədə görünmür”, – Ş. Məmmədova bildirib.

Ş. Məmmədovahesab edir ki, son illər informasiya texnologiyaları hətta ucqar kəndlərdə yaşayan qadınlar üçün daha əlçatan olub. Qadınların internetə, sosial şəbəkələrə, müxtəlif veb platformalara çıxışı daha asanlaşdırıb.

Aparılan tədqiqatlara və sorğulara görə, hətta inkişaf etmiş ölkələrin cəmiyyətlərində illərlə belə formalaşan stereotiplər var ki, bəzi ixtisas sahələri sırf kişilərlə assosiasiya olunur. Texnologiyalar sahəsi də onlardan biri hesab olunur. Lakin son zamanlar bu istiqamətdə kifayət qədər müsbət tendensiya nəzərə çarpır. Yəni artıq İT sahəsi kişi ya qadınlara birmənalı aid olunmur. Ş. Məmmədovanın fikrincə, ümumiyyətlə istənilən sahədə kişi və qadın anlamı olmamalıdır. İşini bilən və inkişafa ehtiyacı olan mütəxəssislər var. Bu eyni zamanda İT sahəsində də belədir.

Qadınların İT sahəsində həm menecment səviyyəsində həm də starptaplar sahəsində böyük həvəs göstərdikləri göz qabağındadır. İnformasiya texnologiyaları sahəsində qadınların iştirakını artırmaq üçün son vaxtlar kifayət qədər müsbət dinamika müşahidə olunur.

“Qadınların kreativ, tənqidi düşünmə qabiliyyəti ciddi mənada uğuru səciyyələndirən xüsusiyyətlərdir. Sırf texnologiyalar sahəsinə gəldikdə, qadınlar bu sahədə də kifayət qədər bacarıqlıdırlar və onların uğuru tez nəzərə çarpır. Mənim həmtəsisçisi olduğum “Femmes Digitales” təşkilatı ölkədə texnologiya sahəsində fəaliyyət göstərən top menecerləri bir araya gətirir. Təşkilatın altı illik fəaliyyəti ərzində Bakıda və rayonlarda, ixtisas seçimi astanasında olan qızların İT sahəsində marağın formalaşmasında, bu sahədə biliklərin, uğurun qazanmasında, ideyanı biznesə çevirməsində və müxtəlif səpkidə mövzularla bağlı “Hackathon”-lar, təlimlər, seminarlar təşkil olunub”, – Ş. Məmmədovabildirib.

Bu tədbirlər İT sahədə uğur qazanmağa, əmək bazarında rəqabət qabiliyyətli olmağa yönəlib. Əldə olunan müsbətdir nəticələr təlimlərin effektivliyini göstərir. Son bir il ərzində təlimlərdə iştirak edən qızlardan bu tədbirlərin onların həyatlarında necə böyük rol oynadığı barədə geri dönüşlər alınıb.

İT sahəsinə olan maraq onların dünya görüşünü dəyişib. Seçdikləri ixtisaslar sırf İT ilə bağlı olmasa belə, onlar texnologiyanın tətbiqinin nə qədər vacib olduğunu başa düşürlər.

“Bununla yanaşı tanıdığım qadınlar var ki, xüsusi ixtisas sahibidirlər. Misal olaraq DATA analitika ilə məşğul olan xanımlar, yeni həll və rəqəmli xidmətlərin formalaşması üzərində fəaliyyət göstərən xanımlar var. Sevindirici tendensiya ondan ibarətdir ki, son 3-4 il ərzində qadınların İT sahəsində karyera planlamasında çox müsbət tendensiya var. Düşünürəm yaxın gələcəkdə İT sahəsində peşəkar xanımların sayı artacaq”, – deyə Ş. Məmmədova əlavə edib.

Qadınları İT sahəsində karyeralarını davam etdirməyə təşviq edən Moldovada Aİ-nin “Şərq tərəfdaşlığı” proqramının çərçivəsində icra olunan yeni təşəbbüsü misal olaraq gətirmək olar. Belə ki, “Tech Women Ambassadors” proqramı, “Tekwill” və “Tech Women Community” layihələri İT mütəxəssisləri arasında məlumat, motivasiya və təcrübə ötürülməsini artırmaq, asanlaşdırmaq, eyni zamanda bu sənayedə karyera qurmaq istəyən qadınların və qızların istəklərinə təkan vermək və onları təşviq etmək üçün hazırlanıb.

Proqramda aylıq qeyri-rəsmi tədbirlər, konfranslar, sosiallaşma sessiyaları, karyera rəhbərliyi, mentorluq, təcrübə mübadiləsi və İT sahəsindəki peşə imkanlarını öyrənmək, araşdırmaq və onlardan faydalanmaq istəyən hər kəsə açıq olan digər görüşlər nəzərdə tutulur.

Bu günlərdə isə, EU4Digital təşəbbüsü çərçivəsində qadın mentorluğu proqramları üzrə təlim təşkil edilib. İKT və innovasiya sahəsindəki qadınların mentorluq proqramlarına dair virtual təlim zamanı texnologiya ilə əlaqəli iş yerləri, tədbirlər və təşəbbüsləri qadınlar üçün daha əhatəli hala gətirmək və bununla da daha çox qadını texnologiyaya cəlb etmək barədə fikirlər səsləndirilib.

EU4Digital proqramının İKT və innovasiyalar üzrə mütəxəssisi Anna Pobol

“EU4Digital”ın İKT İnnovasiya üzrə mütəxəssisi Anna Pobol hesab edir ki, “Şərq Tərəfdaşlığı” bölgəsindəki qadınları hədəf aldığı müddətcə xüsusi dəstəyin inkişaf etdirilməsinin əsasını onların İKT İnnovasiyası sahəsindəki iştiraklarını artırmaqdır.

“Şərq Tərəfdaşlığı bölgəsində qadınlar və kişilər arasında vəzifə bölgüsü Aİ ölkələri ilə müqayisədə hələ də bərabər deyil. Qadınlar işdən saatlarından əlavə ev işlərinə də daha çox vaxt ayırırlar, üstəlik əlavə olaraq uşaq baxımı və yemək bişirməyə də məsuliyyət daşıyırlar. Beləliklə, qadınların rəqəmsal iqtisadiyyatı daha çox müştəri mərkəzli, balanslı və intellektual mənəvi vəziyyətə gətirmək imkanı gündəlik və həyat rutinləri, həmçinin davamlı qərəzlər tərəfindən əhəmiyyətli dərəcədə məhdudlaşdırılır”, – deyə A. Pobol qeyd edib. Qadınların iqtisadiyyatda / İKT sahəsindəki artan iştirakının iqtisadiyyatı gücləndirmək potensialı təkcə onları işçi qüvvəsinə əlavə etməklə (onların işinə qarşı maneələrin azaldılması yolu ilə) məhdudlaşmır, qadınlar həm də iş yerlərinə yeni bacarıqları əlavə edərək məhsuldarlıq və inkişafın güclənməsinə səbəb olur.

Makroiqtisadi, sektoral və firma səviyyəsindəki məlumatlardan alınan dəlillərə əsaslanan son BVF araşdırmalarından birinə görə, qadın və kişilər istehsal müddətində bir-birini əvəz etmir, əksinə inkişafda qadınların məşğulluğunun artırılması ilə əlavə bir fayda yaradaraq bir-birini tamamlayır. Başqa sözlə, işçi qüvvəsinə daha çox qadın əlavə etmək, kişi işçilərin sayında bərabər artımın baş verdiyi ssenaridən daha böyük iqtisadi fayda gətirəcək.

Avropa Komissiyasının “EU4Digital” təşəbbüsü qadınları davam edən bütün fəaliyyətlərinə cəlb etməyə çalışır və qadınların şəbəkələşmə və təlim ehtiyaclarını hədəf alan fərqli bir yanaşma nümayiş etdirir.

EU4Digital təşəbbüsünün məqsədi, Avropa İttifaqının Vahid rəqəmsal bazarının faydasını Şərqi tərəfdaşlıq ölkələrinə qədər genişləndirmək və Azərbaycanda və digər Şərqi tərəfdaşlıq ölkələrində (Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna) iqtisadiyyatı inkişaf etdirmək, məşğulluğu artırmaq, insanların həyat və yaşayışlarını yaxşılaşdırmaq və müəssisələrə kömək etmək məqsədilə rəqəmsal iqtisadiyyatın və cəmiyyətin potensialının artırılmasında Aİ-nin dəstəyini istiqamətləndirməkdir.

EU4Digital təşəbbüsü haqqında daha ətraflı buradan öyrənə bilərsiniz: https://eufordigital.eu/

Təşəbbüs haqqında məqalə apa.az xəbər saytında dərc olunub.

Uğur hekayələri

Ticarət üçün klikləyin: EU4Digital e-kommersiya qurmaq üçün Azərbaycana kömək edir

Elektron ticarət (e-kommersiya) malların sərhədlərarası mübadiləsini asanlaşdıraraq, mövcud məhsul çeşidini ar…

Daha çox öyrən

Azərbaycanda rəqəmsal gələcək üçün rəqəmsal bacarıqlar inkişaf etdirilməlidir

“İKT-də qadınlar kişilərə nisbətən azdırlar, uğurlu deyillər” və s. bu kimi fikirlər mövcuddur, mən bu fikirlə…

Daha çox öyrən

Hamısına bax