Ümumdünya Səhiyyə Təşkilatı elektron səhiyyəni sadə şəkildə “informasiya və kommunikasiya texnologiyalarının səhiyyə üçün istifadəsi” kimi xarakterizə etmişdir. Əlbəttə, səhiyyə sahəsində çalışan mütəxəssislər yaxın gələcəkdə texnologiya ilə əvəz edilməyəcək, amma informasiya mübadiləsi üzrə texnologiyaların tətbiqi bir çox formada kömək edə bilər:
- Pasientlərin faydalanmasına yönəlmiş yanaşma pasientlərin daha məlumatlı və səlahiyyətli olması ilə nəticələnəcək.
- Səhiyyə sahəsində çalışan mütəxəssislər diqqətlərini blank doldurmaqdan çox xəstələrə ayıra biləcəklər.
- Rəqəmsal məlumatların yaradılması, saxlanması və mübadiləsi klinik prosedurların təkrarlanmasının qarşısını aldığı üçün pasientlərə keyfiyyətli xidmət göstərilir.
- Onlayn qeydiyyat sayəsində xəstələrin gözləmə müddəti qısalır.
- Əczaçılar elektron resept xidmətlərindən istifadə etməklə inzibati protokol yükünü minimuma endirə bilərlər.
- İnsanların sağlamlığına dair məlumatların təhlili innovasiyalara kömək edir.
- Xəstəliklərin profilaktikasını dəstəkləyir.
Bunun əsasını Elektron sağlamlıq kartı (ESK) təşkil edir. Burada müxtəlif səhiyyə təminatçılarından tibbi qulluğa dair hadisə və məlumatlar toplanır. Vahid və hərtərəfli ESK hər bir fərdi şəxs üçün ayrıca yaradılır və müxtəlif tibb ocaqları və həkimlər arasında şəffaf əməkdaşlığı asanlaşdırır. Elektron səhiyyənin məqsədi düzgün zamanda və düzgün yerdə xəstələrin sağlamlığı haqqında məlumatlara çıxış imkanı təmin etmək və bununla da səhiyyədə daha yaxşı nəticələrin əldə olunması üçün səhiyyə xidmətlərinin davamlılığını və keyfiyyətini təmin etməkdir.
Aİ ölkələri Şərq Tərəfdaşlığı ölkələrində müşahidə olunan əhalinin yaşlanması kimi oxşar səhiyyə problemlərinin əksəriyyəti ilə üz-üzədir. Bu, səhiyyə xidmətlərinin optimallaşdırılması və müasirləşdirilməsi oxşar məsələləri ortaya qoyur.
Avropa Komissiyası bu strategiya çərçivəsində Vahid rəqəmsal bazarı və rəqəmsal səhiyyə xidmətlərini əsas prioritetlərindən biri olaraq təsis etmişdir. Aİ artıq tibbi avadanlıqlar, səhiyyə məlumatlarının qorunması və paylaşılması, rəqəmsal identifikasiya və məlumatlardan təkrar istifadə üzrə qanunvericilik aktları qəbul etmişdir, bu da Aİ-də elektron səhiyyə xidmətləri üçün olduqca əlverişli mühit yaradır. Bir çox Aİ ölkələri tez bir zamanda elektron səhiyyəyə dair strategiyalar qəbul edib. Bu da öz növbəsində siyasi öhdəliyə və elektron səhiyyə üzrə xidmətlərin sürətli və planlı şəkildə inkişafına səbəb olmuşdur. Onlardan fərqli olaraq Şərq Tərəfdaşlığı ölkələri elektron səhiyyə sahəsində bir çox fərdi, ancaq əlaqələndirilməmiş layihələrlə irəliləyiblər.
Bundan əlavə, Aİ myHealth@EU təşəbbüsünü həyata keçirib. Təşəbbüs çərçivəsində ayrı-ayrı üzv ölkələr arasında elektron resept və Pasiyentlərin vahid tibbi kitabçası kimi transsərhəd səhiyyə xidmətləri təmin edilir. Gələcəkdə əlavə elektron səhiyyə xidmətlərinin göstərilməsi nəzərdə tutulub. Hazırda Aİ-də elektron səhiyyə infrastrukturunu süni intellekt, genom məlumatlarının təhlili və fərdiləşdirilmiş tibbi xidmət üçün hazırlamaqla səhiyyə məlumatlarının təkrar istifadə üçün açmaq istiqamətində tendensiya mövcuddur. Bu işlərin Aİ səviyyəsində HealthData@EU təşəbbüsü çərçivəsində nail olunması planlaşdırılır.
EU4Digital Elektron səhiyyə tematik sahəsi Şərq Tərəfdaşlığı ölkələrində əhalinin sağlamlığının qorunmasına dair məlumatların idarə edilmə vəziyyətini qiymətləndirir və səhiyyə ilə bağlı məlumatların bölüşdürülməsi və idarə edilməsi işinin Aİ-nin qabaqcıl təcrübələrinə və Şərq Tərəfdaşlığı ölkələrində günün reallıqlarına uyğun olmasını təmin etmək üçün təlimatlar hazırlayır. Ən yaxşı halda bu, eyni standartlara cavab verən məlumatların müxtəlif təşkilatlar, maraqlı tərəflər və hətta sərhədlər arasında qarşılıqlı şəkildə əvəz oluna biləcəyi anlamına gəlir. Bununla da yerindən asılı olmayaraq xəstələrə daha yaxşı xidmət göstərmək mümkün olacaq.
EU4Digital tərəfindən əhatə olunan elektron səhiyyənin digər cəhəti, Şərq Tərəfdaşlığı ölkələrinin maraqlı tərəflərinə öz ölkələrində qabaqcıl təcrübələri bölüşməyə imkan yaradan onlayn əməkdaşlıq platformasının tətbiqidir. Bu platforma gələcəkdə elektron səhiyyə sahəsini daha da inkişaf etdirmək üçün ekspertlər arasında əməkdaşlığa və kommunikasiyaya şərait yaradır.
Bundan əlavə, EU4Digital təşəbbüsü innovasiyaların və yeni texnoloji həllərin tətbiqini təşviq etmək, xüsusilə uzaq məsafədən tibbi məsləhət xidmətləri, diaqnostikanın yaxşılaşdırılması üçün məlumatların təhlili, ağıllı ev texnologiyaları, sosial və fəaliyyət proqramları kimi Aİ təşəbbüslərində Şərq Tərəfdaşlığı ölkələrinin iştirakına imkan yaradır. EU4Digital həmçinin Şərq Tərəfdaşlığı ölkələrinin Aktiv və Sağlam Yaşlanma üzrə Avropa İnnovasiya Tərəfdaşlığında (EIP on AHA) iştirakını təşviq edir. Bu proqram yuxarıda adı çəkilən bir çox problemlərlə əlaqədar Avropa ölkələrində tətbiq olunan qabaqcıl təcrübələri özündə cəmləşdirir.
Qarşılıqlı fəaliyyət dedikdə müxtəlif sistemlərin, təşkilatların və ya ölkələrin məlumatların mübadiləsi və onlardan düzgün istifadəsi başa düşülür. Bunun üçün elektron səhiyyə xidmətlərində eyni standart və proseslərin tətbiqi ilə iştirakçılar paylaşılan məlumatları düzgün şərh edə bilməlidirlər.
Uzlaşma xüsusən səhiyyə sektorunda vacib əhəmiyyətə malikdir, çünki bu domen eynicinsli deyil, əksinə mürəkkəb struktura malikdir və bir neçə səhiyyə ocağına baş çəkən və orada qeydiyyatdan keçirilən pasientlər və provayderlər kimi fərqli iştirakçıları əhatə edir. Eyni zamanda səhiyyə sistemləri çox vaxt zəif inteqrasiya olunmuş özəl və dövlət xidmətlərinin unikal birləşməsindən ibarət olur.
Hər hansı tibb xidmət təminatçısı müəyyən bir xidmət növü təklif etməklə bir qrup pasient və onların məlumatları ilə məşğul olur. Bu zaman xəstənin ümumi vəziyyətinin təsvir olunduğu məlumatları paylaşmaq üçün qurumlar arasında daha yaxşı inkişaf etmiş uzlaşma tələb olunur.
Aİ-yə üzv dövlətlər arasında səhiyyə sahəsində beynəlxalq əməkdaşlığa maneə yaradan digər bir problem elektron səhiyyə üzrə lüğətdə müşahidə olunan fərqlərdir. Eyni anlayışlar müxtəlif formada şərh edilərək səmərəli transsərhəd əməkdaşlığa mane olur. Uzlaşmanın olmaması müxtəlif səhiyyə ocaqlarında və ölkələrdə səhiyyə xidmətlərindən istifadə etməyə çalışan vətəndaşların müxtəlif problemlər ilə üzləşməsinə səbəb olur. Qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi Şərq Tərəfdaşlığı ölkələrində göstərilən səhiyyə xidmətlərinin davamlılığını və keyfiyyətini səmərəli şəkildə yaxşılaşdıra, əhalinin daha xoşbəxt və sağlam olmasına səbəb ola bilər.
EU4Digital elektron səhiyyə tematik sahəsi Elektron səhiyyə üzrə əməkdaşlıq platformasını yaradıb. Bu Şərq Tərəfdaşlığı ölkələrində elektron səhiyyə sahəsində çalışan ekspertlərin daxil ola biləcəyi və regional əməkdaşlığa töhfə verə biləcəyi bir özəl platformadır. Bu sahədə çalışan mütəxəssislər platformanın köməyilə elektron səhiyyə üzrə ortaq təlimatlar, gələcəkdə isə xidmətlər hazırlaya biləcəklər. Sözügedən platforma dünyada elektron səhiyyənin inkişafına və regionda uyğunlaşma üzrə təşəbbüslərə şərait yaradır.
Platformanın daxilində təqvim və iclasların idarə edilməsindən tutmuş, layihə və yerləşdirmə ilə bağlı rəhbər təlimatlara qədər bütün vasitələr yer alır. Portalda sənədlərin bulud əsaslı yaddaşda saxlanılması alətləri, o cümlədən müxtəlif qrupların istifadəsi üçün ayrı-ayrı sahələrdə kod səhifələrin yaradılmasını tələb etməyən funksiyalar mövcuddur. Sözügedən platforma öz ölkəsində təşəbbüsləri həyata keçirməklə məşğul olan ekspertlər arasında bilik mübadiləsinə imkan verir. Bununla da ən yaxşı fəaliyyət nümunələrinin seçilib nümayiş edilməsi ilə və qonşu ölkələrdə müşahidə olunan maneələri dəf etməkdə tərəfdaşlara imkan yaratmaqla regionda islahatları sürətləndirmək və optimallaşdırmaq mümkündür.
Şərq Tərəfdaşlığı ölkələrinin Avropa Komissiyası tərəfindən idarə olunan Aktiv və Sağlam Yaşlanma üzrə Avropa İnnovasiya Tərəfdaşlığı (EIP on AHA) proqramında iştirakı arzuolunandır. Bu proqramın elektron səhiyyə sahəsindəki innovasiyalar haqqında məlumatlandırma xarakteri daşıyan məqalələrdən tutmuş, tədbirlərdə iştirak etmək və Fəaliyyət Qrupu və İstinad səhifəsi proqramlarında iştirak etmək kimi daha aktiv rollara qədər bir çox qarşılıqlı fəaliyyət səviyyələri vardır.
Proqram məlumat mübadiləsini və şəbəkələrin qurulmasını təşviq edir. Məsələn İstinad səhifəsi proqramının bir üzvü Aİ-yə üzv dövlətdə tətbiq olunan bir texnoloji həll ilə tanış ola bilər və proqram vasitəsilə öz regionunda və əksinə tətbiq etmək üçün müraciət edə bilər. Fərdi şəxslərdən tutmuş təşkilatlara, o cümlədən hökumət qurumlarına, özəl sektorda fəaliyyət göstərən şirkətlərə, tədqiqat yönümlü təşkilatlara və sosial təşkilatlara kimi müxtəlif növ iştirakçı qrupları qəbul edilir. Digər bir təşəbbüs MyHealth@EU adlanır və Aİ-də elektron transsərhəd səhiyyə xidmətlərinin pilot layihə formasında tətbiqi və həyata keçirilməsi ilə məşğul olur. Təşəbbüs çərçivəsində hazırda Pasientin tibbi kitabçası və elektron resept xidmətləri təklif olunur. Gələcəkdə isə laborator nəticələr, tibbi təsvirlər, müxtəlif hesabatların və s. daxil edilməsi planlaşdırılır. Hal-hazırda Aİ-dən kənarda yerləşən ölkələrin təşəbbüsə daxil edilməsi məsələsi müzakirə edilir. Bununla da, Şərq Tərəfdaşlığı ölkələri yaxın gələcəkdə MyHealth@EU təşəbbüsündə iştirak edə biləcəklər.
Gələcəyin səhiyyə xidmətini pasientlərin bir xidmət təminatçısından digərinə, bir ölkədən digərinə maneəsiz yerdəyişməsi, o cümlədən səhiyyə xidməti təminatının davamlılığı və səhiyyə sistemində daha yaxşı nəticələrin əldə olunması üçün məlumatlı olmaqla qərarların qəbul edilməsi kimi təsəvvür etmək olar. Transsərhəd elektron səhiyyə infrastrukturu və Elektron resept xidməti xaricə səyahət edən istənilən vətəndaşa xarici ölkədə yerləşən yerli aptekdən reseptdə göstərilən dərman preparatını almağa imkan verəcək. Pasientin tibbi kitabçasında olan məlumatların paylaşılması həkimlərə xəstəlik tarixçəsini başa düşməyə və məlumatlı klinik qərarlar qəbul etməyə kömək edəcək.
EU4Digital təşəbbüsünün Elektron səhiyyə şəbəkəsinin komandası Şərq Tərəfdaşlığı ölkələrində yalnız ümumi razılığın əldə olunduğu və əməkdaşlığın qurulduğu təqdirdə mümkün olan transsərhəd tibbi xidmətin inkişafına dəstək vermək məqsədilə standartlar və təlimatlar hazırlamağı nəzərdə tuturlar. Bunu reallaşdırmaq üçün isə şəbəkənin işçi heyəti Şərq Tərəfdaşlığı ölkələrində elektron səhiyyə sahəsinin cari vəziyyətini təhlil edərək hər bir ölkənin çətinlik və prioritetlərini müəyyən etmişdir. Təlimatlar toplusu isə regionda transsərhəd elektron resept və xəstəyə aid qısa məlumat xidmətinin yaradılmasında baza rolunu oynayacaq.