Əsas səhifə / Xəbərdar olun / Son xəbərlər
EU4Digital Şərq Tərəfdaşlığındakı innovasiya klasterləri üçün ilk təlim təşkil edib
Tarix: 30/04/24
Şərq Tərəfdaşlığı (ŞT) ölkələrində fəaliyyət göstərən 70 innovasiya klasteri və yeni yaranan klaster idarəetmə təşkilatlarından 85-ə yaxın nümayəndə 18 aprel 2024-cü il tarixində EU4Digital proqramının potensialın artırılması və şəbəkələrin qurulmasına dair tədbirində iştirak edib. EU4Digital proqramının İKT və innovasiyalar şəbəkəsi sözügedən proqramın aprel ayında icrasına başladığı innovasiya klasterlərinə dəstək ilə bağlı yeni fəaliyyətləri çərçivəsində təşkil edilən bu xüsusi təlimə Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan iştirakçılar qatılıb.
Tədbirdə Aİ-nin klasterlərlə bağlı qabaqcıl təcrübələrin təhlilinin nəticələri təqdim olunub, eləcə də ŞT-dən olan klasterlərin icraçı direktorları ilə klasterlərin idarə edilməsi və müqayisəli təhlili sahəsində təcrübələrini bölüşən Klasterlərin təhlili üzrə Avropa Katibliyindən (ESCA), Rumıniya Klasterlər Assosiasiyası, Transilvaniya İT Klasteri və AgroTransilvania Klasterinin nümayəndələri arasında əlaqələrin qurulmasına şərait yaradılıb.
Təlim zamanı EU4Digital proqramının İKT və innovasiyalar şəbəkəsinin rəhbəri Dok. Anna Pobol klasterlərlə bağlı xüsusi siyasətlərin və dəstək vasitələrinin olmaması, həmçinin Şərq Tərəfdaşlığı ölkələrində klasterlərin inkişafını və onların regionun iqtisadi inkişafına töhfə vermək qabiliyyətini məhdudlaşdırmaqla klasterlərin idarə edilməsində iştirak edən təşkilatlar üçün resursların çatışmamazlığı kimi klasterlərin üzləşdiyi ümumi çətinliklərdən söz açıb.
EU4Digital proqramının aparıcı Aİ klasterləri arasında həyata keçirdiyi təhlil göstərir ki, müxtəlif ölçülərə malik olmalarına və müxtəlif sektorlarda fəaliyyət göstərmələrinə baxmayaraq, klasterlərin əksəriyyəti xarici və ya hökumətin maliyyə dəstəyi ilə fəaliyyətə başlayıb. Daha sonra bu inkişaf strategiyası balanslaşdırılmış modelə çevrilib. Uğurlu klasterlər üzvlərini idarəetmə və strategiyaya cəlb edir, innovasiyaya təkan vermək üçün xarici təcrübədən yararlanır və xidmətlərini üzvlərin ehtiyaclarına uyğunlaşdıraraq öz dəyərlərini səmərəli şəkildə çatdırır. Zamanla xidmətlər brendinq və dayanıqlıq üzrə səyləri əhatə edəcək şəkildə genişlənə bilər. Klasterlər həmçinin regional strategiyalara təsir göstərə və potensial olaraq rəqəmsal innovasiya mərkəzlərinə (RİM-lər) çevrilərək kiçik və orta ölçülü sahibkarlıq müəssisələri (KOB-lar) arasında rəqəmsal transformasiyaya təkan verə bilər.
ESCA-nın hökumətlə əlaqələr şöbəsinin rəhbəri və baş layihə meneceri Dok. Oliver Ziqler klasterin idarə olunması sahəsində qlobal səviyyədə tanınmış Avropa standartlarından danışıb. O, klaster təşkilatlarında strateji və operativ çatışmamazlıqları müəyyən edən və performansa əsaslanmaqla xüsusi Klaster İdarəetmə Keyfiyyət Nişanı ilə mükafatlandıran klasterlərin müqayisəli təhlili metodologiyası haqqında ətraflı məlumat verib. O, həmçinin klasterlərin müqayisəli təhlili üzrə uyğunluq meyarlarını açıqlayıb və ESCA-nın klasterlərə dair siyasət ilə bağlı hökumətlərə məsləhət verməkdə rolunu izah edib.
ESCA tərəfindən təqdim olunan müqayisəli təhlil zamanı biz, həqiqətən də, fəaliyyət göstəricilərinizi yaxşılaşdırmağa kömək etməklə Avropada qiymətləndirilmiş yüzlərlə digər klaster təşkilatının güclü verilənlər bazası və oxşar texnoloji həllərinə istinad edərək fəaliyyət səviyyənizi qiymətləndirməyə çalışırıq.
Dok. Oliver Ziqler, ESCA
Prof. Dok. Feliks Arion Rumıniyada ESCA qızıl keyfiyyət nişanı almış AgroTransilvania Klasterinin baş direktoru və QIZIL keyfiyyət nişanı üzrə ESCA ekspert qrupunun üzvüdür. O, iştirakçıları kənd təsərrüfatı və ərzaq sektorunda uğurlu klasterin yaradılmasına dair bir uğur hekayəsi ilə tanış edib. Feliks Arion ilkin mərhələlərdə fermerlər arasında ümumi maraqların tapılmasının vacib olduğunu, ağıllı ixtisaslaşma kimi konsepsiyalardan istifadə etməklə sənaye problemlərinin həlli yollarının tapılmasında fəal iştirak nəticəsində klasterlər arasında əməkdaşlığın tədricən artdığını vurğulayıb. Hal-hazırda AgroTransylvania klasterinin qızıl nişanı etimad əlaməti olaraq bu klasterə səmərəli tərəfdaşlıq və layihələrdə iştirak etməyə kömək edir.
Rumıniyadan daha bir Qızıl keyfiyyət nişanlı Aİ klasteri olan Transilvania IT Klasterinin həmtəsisçisi və baş icraçı direktoru Dok. Byanka Muntyan klasterin xidmətlər portfelinin zamanla necə inkişaf etdiyini, yeni üzvlərin cəlb edilməsinə kömək etdiyini və on qat inkişafla nəticələndiyini bildirib. O, hətta xüsusi milli klaster siyasəti və ya maliyyə dəstəyi olmadan klasterin ölkədə necə inkişaf edə biləcəyi barədə fikirlərini bölüşüb.
Biz, klaster menecerləri, müxtəlif beynəlxalq tərəfdaşlıq və layihələrin yaratdığı imkanları tapmalı idik. Aİ səviyyəsində klasterlərin dəstəklənməsi üzrə siyasət sənədlərinin və tövsiyələrin hazırlanmasında iştirak edə bildik.
Dok. Byanka Muntyan, Transilvania İT Klasteri
Byanka Muntyan və Feliks Arion Rumıniyada klaster assosiasiyası olanCLUSTERO-nun prezidenti və ESCA-da müqayisəli təhlil üzrə ekspert olan Daniel Kosnita ilə birlikdə tədbir iştirakçılarını klasterlərin idarə edilməsi və xidmət paketləri ilə daha yaxından tanış ediblər. Dok. Byanka Muntyan klasterlərin rəqəmsallaşma və innovasiyaların tətbiqində iştirakçılara dəstək olmaq üçün klasterlərin lazımi qabiliyyətə malik olmasını təmin etmək üçün onların inkişafının ilkin mərhələlərində güclü rəhbərliyə və ixtisaslı klaster menecerlərinə ehtiyac olduğunu bildirib. Klasterlərin idarə edilməsi üzrə bacarıqların inkişafı üçün maliyyə çox vacibdir. Daniel Kosnita maliyyə problemlərinin klasterlər arasında geniş yayıldığını və hətta hökumətin maliyyələşdirdiyi sahələrdə belə davamlı biznes modelinə ehtiyac olduğunu dilə gətirib. Tədbirdə çıxış edənlər qeyd ediblər ki, klasterlərin maliyyə müstəqilliyi inkişaf etdirilməli və klasterlər ixtisaslı kadrların işlə təmin olunması üçün lazımi maliyyəni təmin etməklə keyfiyyətli xidmətlər təklif etməlidirlər. Hərtərəfli düşünülmüş dəyər təklifi, üzvlərin ehtiyaclarına cavab verən xidmətlər portfeli və düzgün strategiya son dərəcə vacibdir.
Üzvlərinizlə daima görüşlər keçirmək üçün məzmun yaratmaq və onlara bir-biri ilə, eləcə də normayaradanlarla görüşmək imkanı vermək vacib yanaşmalardan biridir.
Dok. Byanka Muntyan, Transilvania İT Klasteri
Xarici əməkdaşlıq və normayaradanların iştirakı vasitəsilə təcrübənin artırılması da faydalıdır. Bu, dövlət idarəçiliyi, məsələn, koordinasiya komitəsi vasitəsilə strateji istiqamətlərin müəyyən edilməsində mühüm rol oynayır və uğurun qazanılması ilkin mərhələdə strategiyanın hazırlanmasında maraqlı tərəflərin iştirakından asılıdır. Strategiyanın illik təhlili və ayrılmış büdcələrlə aydın şəkildə müəyyən edilmiş fəaliyyət planları ən yüksək fəaliyyət göstəricilərinə malik klasterləri fərqləndirən cəhətlərdəndir.
Klasterlərin uğursuzluqları ilə uğurları arasındakı fərq onların strateji məqsədlərini necə müəyyənləşdirməsində və iştirakçı yanaşma tərzindədir.
Rumıniya Klaster Assosiasiyasından Daniel Kosnita
Ukrayna Klaster Alyansının baş direktoru Aleksandr Yurçak Aİ-dən olan məruzəçilərin fikirlərini dəstəkləyib, amma ictimai dəstəyin olmadığı halda klasterlərin beynəlxalq layihələr və donorlardan asılı olduğu Şərq Tərəfdaşlığı regionunda klasterlər üçün maliyyə dayanıqlığının daha da çətin olduğunu bildirib. Yetkin klasterlərin strategiyalarının olmasına baxmayaraq, yeni yaranan klasterlər daha çox çevik fəaliyyət göstərməyə meyllidirlər. Onlar diqqəti qısamüddətli layihə imkanlarına yönəldirlər və regiondakı yüksək qeyri-müəyyənlik səviyyəsinə uyğunlaşırlar.
Müzakirələrdə ŞT-də fəaliyyət göstərən klaster təşkilatlarının bir çox sahələrdə erkən dəstək almalarının zəruriliyi vurğulanıb. Buraya klasterlərin üzvlərinin səfərbər edilməsi; onların strategiyalarının hazırlanmasına cəlb edilməsi; onların ehtiyaclarının müəyyən edilməsi və müvafiq dəyər təkliflərinin yaradılması; dəyər zəncirlərindəki boşluqların müəyyən edilməsi və tərəfdaşlar tapmaqla onların doldurulması; yüksək keyfiyyətli xidmət göstərmək üçün kadrların hazırlanması, beynəlxalq tərəfdaşlıq əlaqələrinin qurulması və ekspertlər şəbəkəsinin genişləndirilməsi daxildir.
EU4Digital iştirakçıları klaster təşkilatlarının nailiyyətlərini və ehtiyaclarını bölüşməyə dəvət edib. Bu məlumat Şərq Tərəfdaşlığı regionunda qabaqcıl təcrübələrin təşviqinə kömək edəcək, həmçinin regional dövlət orqanları və donorlar tərəfindən ardıcıl dəstək tələb edən əsas problemlərin və sahələrin müəyyən edilməsinə şərait yaradacaq.
Təlim iştirakçıları həmçinin mövcud və yeni yaranan klaster idarəçiliyi təşkilatlarının üzvləri arasında innovasiya və rəqəmsallaşmanı dəstəkləmək üçün öz potensiallarını qiymətləndirə və tanınmış Aİ klasterlərinin təcrübələrini öyrənməklə xidmətlərin çeşidini tənzimləyə biləcəkləri onlayn sorğu ilə tanış olublar. Bu alət ŞT-dən olan iştirakçılara pulsuz olaraq rəsmi ESCA Klaster İdarəetmə Keyfiyyət Nişanı üçün hazırlaşmağa kömək etmək üçün nəzərdə tutulmuşdur.
Nələr gözlənilir?
Təkmilləşdirilməsi tələb olunan sahələri müəyyən etmək üçün klaster təşkilatlarından özünüqiymətləndirmə həyata keçirmək istənilib. EU4Digital nəticələri ümumiləşdirəcək və siyasət və yardım tədbirlərini dəstəkləmək üçün iştirakçılar, səlahiyyətli orqanlar və donorlarla bölüşəcək. EU4Digital proqramının innovasiya klasterlərinə dəstək təşəbbüsünün bir hissəsi olaraq, İKT və innovasiyalar şəbəkəsi həmçinin klasterlərə təşviqat, fəaliyyət planları və bir sıra uyğun təşkilatlar üçün ESCA Bürünc Keyfiyyət Nişanı üçün müraciət etməyə kömək edəcək.
Əlavə məlumat
Sorğu və təlim EU4Digital proqramının İKT və innovasiyalar şəbəkəsi tərəfindən təşkil olunur. Aİ tərəfindən maliyyələşdirilən bu proqram ŞT və Avropa İttifaqı ölkələrinin rəqəmsal bazarlarını uyğunlaşdırmaq məqsədi daşıyır. İKT və inovasiyalar şəbəkəsi ŞT və Aİ innovasiya və startap ekosistemlərini əlaqələndirmək, şəbəkələşməni təşviq etmək, Aİ-nin qabaqcıl təcrübə və alətlərini ŞT innovasiyaları ilə bağlı maraqlı tərəflərlə bölüşmək, ŞT rəqəmsal startup ekosisteminin inkişafına dəstək vermək, innovasiyalar üçün çərçivə və təlimatlar hazırlamaq məqsədi daşıyır.
EU4Digital proqramının İKT və inovasiyalar şəbəkəsinin fəaliyyətləri haqqında daha ətraflı öyrənmək üçün “İzahedici materiallar’” və “Kitabxana” bölməsində olan “İKT və innovasiyalar” adlı qısa videoçarxa baxın.
- Azərbaycan
- Ermənistan
- Gürcüstan
- Moldova
- Ukrayna
- İKT-nin innovativ inkişafı
Daha çox xəbər
-
25/04/2024
Azərbaycan rəqəmsal transformasiyanı sürətləndirmək məqsədilə Rəqəmsal Məcəllə qəbul edir
Azərbaycanda Rəqəmsal Məcəllənin hazırlanması ilə bu ölkənin rəqəmsallaşması istiqamətində mühüm irəliləyiş əl…
Daha çox oxu -
11/04/2024
Özəl 5G şəbəkələrinin inkişafına dair hesabat hər kəs üçün əlçatandır
EU4Digital proqramının ekspertləri Aİ-nin qabaqcıl təcrübələrinə əsasən və proqramın Telekommunikasiya qaydala…
Daha çox oxu -
09/04/2024
EU4Digital Akademiyasında rəqəmsal bacarıqlar üzrə ilk kurs artıq əlçatandır!
EU4Digital proqramı Ukrayna vətəndaşlarını və bu ölkədə fəaliyyət göstərən kiçik və orta ölçülü sahibkarlıq mü…
Daha çox oxu
25/04/2024
Azərbaycan rəqəmsal transformasiyanı sürətləndirmək məqsədilə Rəqəmsal Məcəllə qəbul edir
Azərbaycanda Rəqəmsal Məcəllənin hazırlanması ilə bu ölkənin rəqəmsallaşması istiqamətində mühüm irəliləyiş əl…
Daha çox oxu11/04/2024
Özəl 5G şəbəkələrinin inkişafına dair hesabat hər kəs üçün əlçatandır
EU4Digital proqramının ekspertləri Aİ-nin qabaqcıl təcrübələrinə əsasən və proqramın Telekommunikasiya qaydala…
Daha çox oxu09/04/2024
EU4Digital Akademiyasında rəqəmsal bacarıqlar üzrə ilk kurs artıq əlçatandır!
EU4Digital proqramı Ukrayna vətəndaşlarını və bu ölkədə fəaliyyət göstərən kiçik və orta ölçülü sahibkarlıq mü…
Daha çox oxu