Avropanın tədqiqat və təhsil şəbəkələrinin bulud (cloud) texnologiyası üzrə menecerləri, eləcə də aparıcı bulud texnologiyası təchizatçıları Aİ tərəfindən maliyyələşdirilən EaPConnect və GÉANT layihələri çərçivəsində təşkil olunan seminar ərzində bir sıra təlim fəaliyyətlərində iştirak ediblər.
4 və 5 mart tarixlərində iştirakçılar Kiprin paytaxtı Nikosiyada bir araya gəliblər. Görüşə CyNet-in ev sahibliyi edib. Tədbir, Avropa və Şərq Tərəfdaşlığı (ŞT) ölkələrindən olan milli tədqiqat və təhsil şəbəkələri (MTTŞ-lar) arasında bilik mübadiləsinə şərait yaratmaq məqsədilə təşkil olunub.
GÉANT layihəsinin bulud texnologiyası üzrə komandası, “GLAD” adlı təhsil və inkişaf qrupu ilə birlikdə GÉANT bulud portfelini, bir sıra mövcud vasitələri və bulud xidmətləri ilə bağlı qərarların qəbulu üçün lazım olan bacarıq və bilikləri təqdim edib.
İştirakçılar AWS, Microsoft və Google şirkətlərinin mütəxəssisləri ilə ən yeni bulud texnologiyalarını görmək və müzakirə etmək, o cümlədən bulud texnologiyasının tətbiqi ilə bağlı fikir mübadiləsi aparmaq imkanı qazanıblar. MTTŞ-ların bulud texnologiyası üzrə menecerləri adı çəkilən üç provayderin iştirakından əhəmiyyətli dərəcədə faydalanıblar. Təqdimatların köməyilə MTTŞ-ların müştəriləri bulud texnologiyasının istifadəsi ilə əlaqədar ümumi, eyni zamanda texniki məlumatlarla tanış olaraq sözügedən texnologiyanın tətbiq nümunələrini nəzərdən keçiriblər.
“Seminar nəhəng bulud texnologiyası təchizatçılarının daxili kodlaşdırılması haqqında məlumat almaq və onların satış fəlsəfəsini və xidmətin inkişafı stratetiyasını anlamaq üçün əvəzolunmaz imkan idi“, – deyə BASNET Belarus şəbəkəsinin nümayəndəsi Aleksey Belotserkovski bildirib.
Təcrübə və bilikləri MTTŞ icması arasında bölüşmək bacarığı, tədqiqat və təhsil üçün bulud xidmətlərinin necə tətbiq olunacağını sürətlə öyrənməyə imkan verir.
EaPConnect layihəsinin məqsədi Aİ-nin Şərqi tərəfdaş ölkələri – Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynada regional tədqiqat və təhsil şəbəkəsinin yaradılmasıdır. Layihə ümumilikdə rəqəmsal sahədə qeyri-bərabərliyin azaldılmasına, regionlararası bağlantının yaxşılaşdırılmasına və yerli alimlərin, tələbələrin və təhsil işçilərinin tədqiqat və təhsil sahəsindəki qlobal əməkdaşlıqlarda iştirakına şəraitin yaradılmasına yönəlmişdir.