Startaplar üçün əlverişli rəqəmsal innovasiya sistemi nədən ibarətdir? Əsas elementlər nədir və müəssisələr arasında İKT-nin innovativ inkişafını optimallaşdırmaq üçün onların vəhdətindən necə yararlanmaq olar? Bunlar “Startaplar və böyüməkdə olan şirkətlər üçün İKT-nin innovativ inkişafına dair ekosistemlər” üzrə Aİ-nin qabaqcıl təcrübələrinə baxış keçirən EU4Digital proqramının qarşıya qoyduğu əsas suallardır.
Son bir neçə ay ərzində EU4Digital proqramının İKT-nin innovativ inkişafı şəbəkəsinin əməkdaşları səylərini Şərqi tərəfdaş ölkələri arasında İKT-nin innovativ inkişafı sahəsində Aİ-nin qabaqcıl təcrübələrinə əsaslanan innovasiyaların inkişafına şərait yaradan ümumi qanunvericilik bazasının təşviqinə ayırmışdır. Məqsəd, Aİ və onun Şərqi qonşularu arasındakı əsas boşluqları müəyyənləşdirmək və fərqlərin aradan qaldırılmasına yönəlmiş tədbirlərin tövsiyə olunmasıdır.
Hər bir altı ölkə spesifik siyasət sahəsi seçmişdir və EU4Digital proqramı həmin sahələrdə olan boşluqların təhlilini həyata keçirməyə başlayıb. Onun ardından isə siyasətlərə dair fərdiləşdirilmiş tövsiyələr və onların icrası məqsədilə fəaliyyət planları təqdim olunacaq.
İKT-nin innovativ inkişafına dair ekosistemlər Moldova Respublikası tərəfindən prioritet sahə olaraq seçilmişdir. Boşluqların ilkin təhlilinə əsaslanaraq EU4Digital proqramı tərəfindən hazırlanan tövsiyələr, milli innovasiya siyasəti və ya rəqəmsal sahəyə dair siyasətlər çərçivəsində innovativ şəbəkələrin və icmaların inkişafına dəstək verməklə Moldovada startap ekosistemini gücləndirməyi qarşısına məqsəd qoyub.
Bu məqalədə Moldova tərəfindən seçilən “Startaplar və böyüməkdə olan şirkətlər üçün İKT-nin innovativ inkişafına dair ekosistemlər” siyasət sahəsi üzrə Aİ-nin müəyyənləşdirilmiş qabaqcıl təcrübələri haqqında qısa məlumat verilir.
Startap ekosistemi nədir?
Startup Commons şirkətinə əsasən, “startap ekosistemi, yeni startap şirkətlərin yaradılması məqsədilə sistem şəklində fəaliyyət göstərən insanlardan, müxtəlif mərhələlərdə olan startaplardan və müəyyən məkanda (fiziki və / və ya virtual) yerləşən müxtəlif növ təşkilatlardan ibarətdir”.
İnnovasiya ekosistemlərinin inkişafına dair siyasət, innovasiya ekosistemi məhsuldarlığının əsas mənbəsinin institutların keyfiyyəti (innovasiyalar üçün normativ və baza şərtləri), iştirakçıların keyfiyyəti (səriştə və bacarıqlar) və əlaqələrin keyfiyyəti (şəbəkələrin qurulması və müvafiq təşkilati formaların hazırlanması) anlayışına əsaslanır.
Ekosistem qurucuları
Startap Avropa aşağıdakıları ekosistemin qurucuları (tərtibatçılar, əməliyyatçılar) hesab edir, çünki onlar: – əməkdaşlıq sahəsinin idarə edilməsi, gənc sahibkarlara mentorluq dəstəyi, yaxud şəbəkələrin qurulmasına dair tədbirlərin təşkili vasitəsilə yerli icmalarda sahibkarlardan
ibarət inklüziv şəbəkələrin yaradılmasında rol oynayırlar;
– startapların fəaliyyətinə təsir edən qanunvericilik və siyasətlərin hazırlanmasında rol oynayırlar;
– innovasiya və sahibkarlıq infrastrukturunda və xidmət menyusunda rol oynayırlar.
İKT-nin innovativ inkişafına dair tədqiqatda (2018-ci il üzrə) rəqəmsal innovasiya ekosistemləri iştirakçıları tərəfindən təqdim olunan xidmətlərin ətraflı spektri, eləcə də rəqəmsal innovasiyalara dəstək sahəsində ixtisaslaşan təşkilatlar haqqında geniş məlumat verilmişdir.
Aİ-də Avropa ekosistemləri daxilində startap iştirakçıları arasında körpülərin qurulması ilə yanaşı, innovasiya ekosistemləri qurucularına təlimlərin keçirilməsi üçün fəaliyyətlər həyata keçirilir:
- Məsələn, Startup Commons qlobal miqyasda startap ekosistemləri daxilində və arasında məlumat axını təmin etmək məqsədilə ekosistemin inkişafına dair məsləhət xidməti təmin edir və startap ekosistemi əməliyyatçılarının rəqəmsal transformasiyaya təkan verməsinə şərait yaradır. Ekosistem tərtibatçıları üçün Startup Commons əsas biliklər, məsləhət xidməti, proqram təminatı və əlaqələndirmə, bençmarkinq və mühüm fəaliyyət göstəriciləri (MFG-lar) üçün rəqəmsal infrastruktur, o cümlədən məlumatlara əsaslanan ekosistemin inkişafı üzrə funksiya və layihələrə dəstək təklif edir. Ekosistem əməliyyatçıları üçün Startup Commons əsas ekosistem proqramları, rəqəmsal ekosistem strukturunun qurulması, rəqəmsal transformasiya və komandanın hazırlığına dəstək təklif edir.
- Startup Avropa ekosistem tərtibatçıları üçün pulsuz “yumşaq eniş missiyaları” təşkil edir və onlara digər ekosistemləri tədqiq etmək, liderlərlə görüşmək və uzunmüddətli əlaqələr yaratmaq imkanı verir.
Təhsil və innovasiya icmalarına dəstək
İnnovasiya ekosistemlərinin inkişafına dair Aİ-nin qabaqcıl təcrübələrinə icmalara dəstək ilə əlaqədar fəaliyyətlər daxildir:
- Avropa İnnovasiya və Texnologiya İnstitutunun (EIT) Bilik və İnnovasiya İcmaları Avropada ən böyük, dünyada isə böyük innovasiya şəbəkələrindən biridir. İnnovasiya icmaları bütöv innovasiya zəncirini əhatə edir: təlim və təhsil proqramları, tədqiqat mərhələsindən bazara qədər marşrutun gücləndirilməsi, innovasiya layihələri, o cümlədən biznes inkubatorları və akseleratorlar.
- İcmalardan biri iki strateji hissədən ibarət EIT Digital icmasıdır. Birinci hissəsi inkubasiyadan əvvəlki xidmətlərə yönəlmişdir və rəqəmsal parçalanmanın (müəssisənin yaradılması vasitəsilə) yaradılması və rəqəmsal transformasiyaya dəstək (minimal həyat qabiliyyətli məhsulun (MVP) satışa buraxılması vasitəsilə) məqsədi daşıyır. İkinci hissəsi isə böyümənin sürətləndirilməsinə yönəlib və dominant Avropa sənayesi iştirakçılarının yeni nəslini formalaşdırmaq məqsədi daşıyır.
Aİ-dən kənarda isə Startap Kanada İcmaları (Startup Canada Communities) tərəfindən icmaların inkişafına dəstək üzrə operativ mexanizm işlənib hazırlanmışdır. Bu, Startap Kanadanın
bağlantı, təbliğat və yerli sahibkarlar tərəfindən idarə olunan icmaların yetkinləşməsinə yönəlmiş flaqman proqramıdır.
Ekosistem iştirakçılarının əlaqələndirilməsi
Ekosistem iştirakçıları arasında əlaqələrin qurulması sahəsində çoxlu sayda platformalar mövcuddur:
- ScaleUp EU sərmayəçi və şirkət profillərinə əsaslanan avtomatik tərəfdaşların axtarışı alətidir və EIC tərəfindən maliyyələşdirilən şirkətlər və sərmayəçilər arasında tərəfdaşlıqları inkişaf etdirir. ScaleUp EU aləti “Horizon-2020” proqramına qoşulan ölkələrdə (“Horizon-2020” proqramına qoşulan ölkələr arasında Ermənistan, Gürcüstan, Moldova və Ukrayna da var) təsis edilən fəal sərmayəçilər üçün əlçatandır.
- Bir sıra özəl platformalar, startaplar, biznes mələkləri və müəssisə sərmayəçilərini əlaqələndirmək istiqamətində fəallıq nümayiş etdirir – F6S, EuroQuity, AngelList, Gust, Onevest, Our crowd, Funders club və bir çox digərləri ilə əl-ələ verərək ekosistem daxilində sərmayələrin dinamikasını istiqamətləndirir.
Oxşar ekosistem iştirakçılarını (eyni tip maraqlı tərəflər və ya eyni maraqları bölüşənlər) əlaqələndirən təşəbbüslər mövcuddur. Aİ səviyyəsində buraya Avropada böyüməkdə olan şirkətlər üçün rahat ekosistemin inkişafına şərait yaradan Startap Avropa tərəfdaşlığı (SEP) sərmayəçilər forumu, Avropa rəqəmsal forumu (EDF), İlkin kapitallar və erkən mərhələ bazar iştirakçıları assosiasiyası (EBAN), Biznes mələkləri Avropa (Business Angels Europe), Akselerator assambleyası, Təkbuynuzlar forumu (Unicorns forum), Startap Avropa universitetlər şəbəkəsi, Aİ klaster tərəfdaşlıq platforması (Kiçik və orta ölçülü müəssisəslər üzrə icraçı agentliyin nəzdində) və Rəqəmsal innovasiya mərkəzlərinin ümumavropa şəbəkəsi (DIHs) daxildir.
Digər təşəbbüslər müəyyən növ ekosistem iştirakçıları arasında əlaqələr yaradır. Startap Avropa tərəfdaşlıq təşkilatı (SEP) Avropa startapları və kapital, iş stajı və satınalma kanalları törədən böyük və orta ölçülü korporasiyalar arasında əlaqələr yaradır. Gənc sahibkarlar üçün Erasmus proqramı yeni və ya təcrübəsiz sahibkarlara digər iştirakçı ölkələrdə kiçik müəssisələrə sahib təcrübəli sahibkarlardan öyrənmək şansı yaradır. Şərqi tərəfdaş ölkələri arasında Ermənistan və Ukraynada yerli əlaqə mərkəzləri fəaliyyət göstərir.
Digər təşəbbüslər isə müxtəlif sektorlarda bütün növ ekosistem iştirakçılarının birgə fəaliyyətini təmin etmək məqsədilə onlar arasında əlaqələr yaradır:
- Startap Avropa, Avropa Komissiyasının təşəbbüsü olaraq bütün Avropa ölkələrində yerli startap ekosistemləri arasında əlaqələr yaratmaq və Silikon vadisi və ya Hindistan kimi digər bazarlara sərmayə yatırımları üçün onların potensialını artırmaq məqsədi daşıyır. Sözügedən təşəbbüs tərəfindən, startaplar, sərmayəçilər və ekosistem tərtibatçılarını bir araya gətirən Startap Avropa klubu təsis edilmişdir.
Startap və böyüməkdə olan şirkətlər təşəbbüsü ekosistemin qurulmasına dair layihələr vasitəsilə vahid bazarda genişlənməyə maneə yaradan amilləri aradan qaldırmağa və Avropa boyunca yerli ekosistemlər arasında əlaqələr yaradaraq startap ekosistemini gücləndirməyə çalışır. Bu təşəbbüs həmçinin startapların beynəlxalq səviyyədə təbliğatına dair fəaliyyətləri də əhatə edir. Startaplar və ekosistem tərtibatçıları Startap Avropa bir pəncərə prinsipi
- vasitəsilə bütün maliyyələşmə xidmətlərinə və Aİ səviyyəsində təqdim olunan digər dəstək xidmətlərinə asan çıxış imkanı qazanır.
Avropa regionlarında müxtəlif ekosistemlər arasında əlaqələr yaratmağa yönəlmiş xüsusi fəaliyyətlərə aşağıdakılar daxildir:
- Yerli fəaliyyətlərin və qanunvericiliyin hazırlanma prosesinin nümayiş olunduğu tədbirlər: Startap Avropa həftəsi (eyni vaxtda 400 fəaliyyət ilə Aİ boyunca 250 şəhərin vahid tədbir vasitəsilə əlaqələndirilməsi), Startap Avropa mükafatları (Startaplar üçün “Avroviziya”), Avropa Yaradıcı həftəsi (startap sərgisi);
- Beş müxtəlif səviyyələrdə (yerli, ölkə, regional, milli və Avropa) mükafat metodologiyası;
- İnternet səhifələri vasitəsilə yerli ekosistemlərin qurulması: EDCI (Avropa rəqəmsal şəhər indeksi), Startap mərkəzləri, Startap Avropa xəritəsi, Avropa startap təşəbbüsü.
Beynəlxalq səviyyədə startap və böyüməkdə olan şirkətlərin səlahiyyətləndirilməsi üçün bir neçə proqram yaradılmışdır: SEC2SV (Silikon vadisi), SEU-IN (Startap Avropa Hindistan şəbəkəsi), SEC2LATAM (Startap Avropa Latın Amerikası şəbəkəsi), SEC2A (Startap Avropa Afrikaya gəlir).
Aİ-nin ekosistemlərin əlaqələndirilməsinə dair fəaliyyətləri nəticəsində Startap Avropa təşəbbüsü çərçivəsində iki Startap Avropa şəbəkəsi yaradılıb: Startap Avropa Mərkəzi və Şərqi Avropa Şəbəkəsi və Startap Avropa Qərbi Balkanlar Şəbəkəsi. Tezliklə Şərq Tərəfdaşlığı Şəbəkəsi də yaradılacaq.
Növbəti tədbirlər
EU4Digital təşəbbüsünün İKT-nin innovativ inkişafı heyəti tərəfindən Startaplar üçün innovasiya ekosistemləri sahəsində Aİ-nin qabaqcıl təcrübələri ilə əlaqədar hazırladığı tam hesabat Moldova üzrə boşluqların təhlilində istifadə edilmişdir. Boşluqların təhlili əsasında milli tərəfdaşlarla uyğunlaşdırılacaq siyasətə dair bir sıra tövsiyələr hazırlanır.
Bu tövsiyələr sonradan Moldova üzrə fərdi milli siyasətlərin icrasına dair fəaliyyət planının işlənib hazırlanmasında baza rolunu oynayacaq. Fəaliyyət planı tərəfdaş ölkədə konkret maraqlı tərəfləri, Aİ alətlərini, platformalarını və mümkün olarsa, Aİ ölkələrində də konkret həmkarların yararlana və tətbiq edə biləcəyi təcrübələri müəyyənləşdirəcək. Proqram çərçivəsində həyata keçiriləcək növbəti fəaliyyətlərə (təlim, tanışlıq xarakteri daşıyan səfərlər, şəbəkələşmə tədbirləri, təşviqat fəaliyyətləri və s.) boşluqların aradan qaldırılmasında maraqlı tərəflərin gələcək fəaliyyətlərinə dəstək də daxildir.
Aİ-nin qabaqcıl təcrübələrinin bu formada tətbiqi, Şərq Tərəfdaşlığı ölkələrində düzgün qaydada fəaliyyət göstərən dəstək təşkilatları ilə birgə İKT-nin yetkin innovativ inkişafını və startap ekosisteminin inkişafını sürətləndirəcək.
Nəticə etibarilə ümumi qanunvericilik bazasının köməyilə Moldova Aİ-nin Vahid rəqəmsal bazarından faydalanacaq və Aİ-yə üzv dövlətlərdəki həmkarları ilə yeni innovasiyalara dair fikir mübadiləsi apararaq inkişaf edəcəkdir.