Əsas səhifə / Xəbərdar olun / Son xəbərlər
Rəqəmsal texnologiyalar əvəzolunmazdır: EU4Digital təşəbbüsünün Koordinasiya komitəsinin 2023-cü il üzrə iclası keçirilib
Tarix: 20/11/23
Rəqəmsal texnologiyalar Şərq Tərəfdaşlığında (ŞT) gündəlik həyatın əsasını təşkil etməyə başlayıb. Bu səbəbdən strateji planlaşdırma, siyasət və qanunvericilik aktlarının uyğunlaşdırılması və investisiyaların yatırılmasına əlaqələndirilmiş yanaşma indi olduqca mühüm əhəmiyyət kəsb edir. Bu, 15 noyabr 2023-cü il tarixində onlayn formatda keçirilən EU4Digital təşəbbüsünün Koordinasiya komitəsinin 5-ci illik toplantısında səsləndirilən əsas ismarıclardan biridir.
İclasda Şərq Tərəfdaşlığı ölkələri olan Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan 100-ə yaxın yüksək vəzifəli nümayəndə, həmçinin EU4Digital təşəbbüsü və Avropa Komissiyasının Genişlənmə Məsələləri və Qonşuluq Siyasəti üzrə Baş Direktoratının (DG NEAR) nümayəndələri iştirak edib. Onlar EU4Digital proqramı çərçivəsində ŞT regionunun rəqəmsal transformasiyası ilə bağlı milli və Avropa səviyyələrində görülən işləri və prioritetləri təhlil ediblər. EU4Digital proqramının ikinci mərhələsinin məqsədi davamlı rəqəmsal transformasiya üçün Aİ-nin dəstəyini artırmaq, Vahid rəqəmsal bazarın üstünlüklərinin Şərq Tərəfdaşlığı ölkələrində tətbiqi və bu ölkələrdə dayanıqlı rəqəmsal iqtisadiyyatların və cəmiyyətlərin inkişafına töhfə verməkdir.
Tədbiri giriş sözü ilə DG NEAR-in Şərq Tərəfdaşlığı üzrə iqtisadi inkişaf və rəqəmsal texnologiyalara keçid komandasının rəhbəri Gerald Odas açıq elan edib. O, son illərdə baş verən geosiyasi və texnoloji dəyişikliklər, eləcə də noyabrın 14-də Şərq Tərəfdaşlığı üzrə Rəqəmsallaşma Konfransında müzakirə olunan mövzular haqqında öz fikirlərini bölüşüb və rəqəmsal texnologiyaların günümüzdə həyatımızın və siyasi müzakirələrimizin əsasını təşkil etdiyini qeyd edib. İqtisadiyyatın bütün sahələrində generativ süni intellektin sürətli şəkildə tətbiqi və geniş istifadəsi durmadan böyüyən elektron ticarət bazarı və dünya üzrə verilənlərin trafikinin artması kimi amillər rəqəmsal infrastruktur və idarəçiliyin daima yenilənməsini tələb edir.
Rəqəmsal texnologiyalar faktiki olaraq bizim üçün mühüm əhəmiyyət kəsb edən bütün iqtisadi və siyasi müzakirələrin mövzusuna çevrilir. Bu, bütün ölkələrdə iqtisadi artımın əsas vektorudur. Dəyişikliklər o qədər sürətlə baş verir ki, biz onlarla ayaqlaşmaq üçün qanunvericilik bazasını daima uyğunlaşdırmalıyıq.
DG NEAR-in Şərq Tərəfdaşlığı üzrə iqtisadi inkişaf və rəqəmsal texnologiyalara keçid komandasının rəhbəri Gerald Odas
Rəqəmsal texnologiyaların bir “brend” kimi mövqeyinin gücləndirilməsi ideyası EU4Digital proqramının komanda rəhbəri Artur Piliponis tərəfindən irəli sürülüb. O, EU4Digital və maraqlı tərəflər tərəfindən görülən işlərin mühüm hissəsi kimi kommunikasiyaların və məlumatlılığın artırıldığını qeyd edib. Artur Piliponis Telekommunikasiya qaydaları, Rəqəmsal etimad, Elektron ticarət, Elektron səhiyyə, Rəqəmsal bacarıqlar və İKT və innovasiyalar sahələrində ən son yeniliklər haqqında ümumi məlumat verərək, təkcə son təqvim ilində bir sıra mühüm hadisələrin baş verdiyini qeyd edib.
EU4Digital proqramı olduqca dinamikdir. Bəzi fəaliyyətlər başa çatıb, digərləri aktiv mərhələdədir, başqaları isə yeni icra olunmağa başlayır. Biz təkcə Şərq Tərəfdaşlığı ölkələri, Aİ nümayəndəlikləri və Avropa Komissiyası ilə deyil, bir çox digər qurumlar və beynəlxalq donor təşkilatlarla da əməkdaşlıq edirik. Bu işi davam etdirməyə ümid edirik və sizə təşəkkür edirik!
EU4Digital proqramının komanda rəhbəri Artur Piliponis
EU4Digital layihələri
EU4Digital proqramının əsas layihələrindən biri “EU4Digital: tədqiqat və təhsil icmalarının əlaqələndirilməsi (EaPConnect)” layihəsidir. Bu layihə Avropa milli tədqiqat və təhsil şəbəkələrini birləşdirən GÉANT tərəfindən icra olunur. EaPConnect layihəsinin rəhbəri İrina Matyus rəqəmsal texnologiyaların gündəlik həyatımıza təsirini əks etdirən tədqiqatların nə üçün vacib olduğuna dair praktiki nümunələr təqdim edib. Buraya Ermənistanda hava proqnozu, Azərbaycanda zəlzələlərin proqnozlaşdırılması və Moldovada səhiyyədə texnoloji həllərin tətbiqi daxildir. O, qeyd edib ki, bu mövzu aktuallaşdıqca Gürcüstanın iqlim dəyişikliyi ilə bağlı tədqiqat infrastrukturu haqqında məlumatların emalına artan tələbatla üzləşəcək. Digər tərəfdən, o, rəqəmsal texnologiyaların insan amilindən nə dərəcədə asılı olduğunu vurğulayıb. GÉANT icmasının maliyyə vəsaitlərinin toplanması və digər dəstəyi ilə Ukraynanın milli tədqidat və təhsil şəbəkələri enerji çatışmazlığını aradan qaldırmaq və Rusiya ilə davam edən münaqişəyə baxmayaraq tədqiqat və təhsil icmaları arasında kommunikasiyalarını davam etdirməsi üçün generatorlarla təmin edilib.
DG NEAR-in Ukraynaya dəstək qrupunun rəhbəri Tanel Tanq regiondakı kiberhücumlar və kibercinayətkarlıqla mübarizə üçün iki layihə haqqında məlumat verib. CyberEast layihəsi Avropa Şurası ilə birgə həyata keçirilir və region ölkələrinə Kibercinayətkarlıqla mübarizə haqqına Budapeşt Konvensiyasına əməl etməyə kömək edir və kibercinayətlərin aşkarlanması və təqibi üçün elektron sübutların istifadəsinə yönəlib. EU4Digital: Cybersecurity East layihəsi idarəçilik və hüquqi amilləri, son dərəcə vacib əhəmiyyət kəsb edən məlumatların və infrastrukturun qorunmasını, o cümlədən böhranların idarə edilməsi və əməliyyat imkanlarının artırılmasını nəzərə alaraq kiberhücumlara texniki və ümumi hazırlığı təkmilləşdirir. Hazırda proqramın yeni mərhələsinə hazırlıq işləri gedir.
Görüş zamanı EU4Digital proqramı çərçivəsində icra oluanacaq iki yeni layihə təqdim olunub və onlar haqqında bütün məlumatlar yaxın aylarda ictimaiyyətə açıqlanacaq. Dünya Bankının Avropa, Mərkəzi Asiya, Yaxın Şərq və Şimali Amerika üzrə rəqəmsal inkişaf rəhbəri Mişel Roqi 2018-2020-ci illəri əhatə edən “EU4Digital proqramının genişzolaqlı rabitəyə dair strategiyalar” layihəsinin ikinci mərhələsi haqqında ümumi məlumat verib. Layihənin ilk mərhələsində boşluqların təhlili və müqayisə, normativ-hüquqi və tənzimləyici aktların təkmilləşdirilməsi, bilik mübadiləsi və investisiya imkanlarının müəyyən edilməsi nəzərdə tutulmuşdu. Yeni mərhələdə isə region üzrə İqtisadi və İnvestisiya Planı və Aİ-nin “Global Gateway” strategiyası çərçivəsində genişzolaqlı bağlantının inkişafına yönəlmiş layihələrə əlavə dövlət və özəl investisiyaların cəlb olunması və bu fəaliyyətlərin genişzolaqlı bağlantının inkişafına dair milli proqramlarla uyğunlaşdırılması gözlənilir. Avropa Komissiyasının Genişlənmə Məsələləri və Qonşuluq Siyasəti üzrə Baş Direktoratının (DG NEAR) Rəqəmsal və İqtisadi İnkişaf Proqramının rəhbəri Tibo Şarlet bildirib ki, 2024-cü ildə ilə ŞT regionunda rəqəmsal startapların inkubasiyasına dəstək məqsədilə 20 milyon avro büdcəyə malik proqramın icrası nəzərdə tutulub. Layihə EU4Digital proqramının birinci mərhələsi zamanı həyata keçirilən startap ekosisteminin inkişaf səviyyəsinin qiymətləndirilməsinə əsaslanacaq və biznesin inkişafı, Aİ bazarları və ekosistemləri ilə yaxınlaşma, eləcə də və sərmayə qoyuluşu üçün hazır olan startapların yaradılması üçün milli və regional strukturların səlahiyyətlərinin artırılması sahəsində fəaliyyət göstərəcək.
Şərq Tərəfdaşlığı ölkələrinin prioritetləri
Koordinasiya komitəsinin iclasının yekun hissəsində Şərq Tərəfdaşlığı ölkələrindən olan iştirakçılar və Aİ nümayəndəlikləri rəqəmsal transformasiya sahəsində görülən işlərin cari vəziyyətini və prioritetləri müzakirə ediblər.
- Ukrayna:
Ukraynanın Rəqəmsal Transformasiya Nazirliyinin nümayəndəsi Olqa Krevskaya və Aİ-nin Ukraynadakı Nümayəndəliyinin əməkdaşı Svetlana Didkovskaya
İnteqrasiya edilmiş elektron identifikasiya sisteminin və kibertəhlükəsizlik və etimad xidmətlərinin müasirləşdirilməsi əsas prioritetlərdən biridir. Artıq 19 milyon ukraynalı 120-yə yaxın elektron dövlət xidmətindən yararlanır. Milli innovasiya strategiyası tədqiqat mərkəzlərinin, özəl tərəfdaşların, beynəlxalq donor təşkilatlarının iştirakı və digər ekspertlərin dəstəyi ilə hazırlanacaq. İnsan kapitalının rəqəmsal iqtisadiyyat ilə gücləndirilməsini təmin etmək üçün təhsil müəssisələri, tələbələr və müəllimlər üçün tezliklə MRIIA adlı tətbiq və platforma istifadəyə veriləcək. Rəqəmsal texnologiyalar sahəsində ixtisasın artırılması və kadrların yenidən hazırlanması üzrə dövlət platforması artıq fəaliyyətə başlayıb. Aİ texniki əməkdaşlıq layihəsi vasitəsilə müvafiq nazirliyə və milli tənzimləyici orqana Aİ-nin Assosiasiyası Sazişi çərçivəsində rəqəmsal iqtisadiyyat üzrə öhdəlikləri yeniləmək və həyata keçirmək məqsədilə dəstək verir. Bu baxımdan Rəqəmsal Cəmiyyət və İqtisadiyyat İndeksinin (DESI) tətbiqi istiqamətində işlərin görülməsi çox mühüm əhəmiyyət kəsb edir. - Moldova:
Moldovanın İqtisadi İnkişaf və Rəqəmsallaşma Nazirliyinin nümayəndəsi Vitali Bobok və Aİ-nin Moldovadakı Nümayəndəliyinin əməkdaşı Miroslav Boziç
Avropa Komissiyası Moldovanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqlara başlamağı tövsiyə etdiyi üçün bu ölkədə rəqəmsal transformasiyanın sürətləndirilməsi işi davam etdiriləcək. İKT sektorunda normativ-hüquqi bazanın hazırlanması və gücləndirilməsi, rəqəmsal bağlantı infrastrukturunun təkmilləşdirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafının stimullaşdırılması, rəqəmsal dövlət xidmətlərinin keyfiyyətinin artırılması və milli qanunvericiliyin Avropa qanunvericiliyinə uyğunlaşdırılması vasitəsilə Aİ-nin Vahid rəqəmsal bazarına inteqrasiya əsas prioritet olaraq qalır. - Ermənistan:
Ermənistan Respublikasının Yüksək Texnologiyalar Sənayesi Nazirinin birinci müavini Gevorq Mantaşyan və Aİ-nin Ermənistandakı Nümayəndəliyinin əməkdaşı David Avakyan
İki il əvvəl qəbul edilmiş rəqəmsallaşma haqqında strategiya yenilənir və beləliklə, rəqəmsal platformaların verilənlərinə əsaslanan texnoloji həllərdən istifadə edilir və rəqəmsallaşma sahəsinə ayrılan dövlət büdcəsinin miqdarı artırılıb. Qonşu ölkələrin qabaqcıl təcrübələri tədqiq edilir və rouminq və digər sahələrin uyğunlaşdırılması diqqət mərkəzində saxlanılır. Startaplar və digər şirkətlər üçün genişzolaqlı bağlantı infrastrukturuna çıxışın təmin edilməsi onların inkişafı və daha yaxşı resurslardan yararlanması üçün çox vacibdir. - Gürcüstan:
Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin nümayəndəsi Eka Kubusidze və İqtisadi və investisiya planı, “Green Deal”, bağlantı üzrə mütəxəssis, attaşe Liza Vanvimelbeke
Gürcüstanın elektron imzalarının Aİ-yə üzv dövlətlər tərəfindən tanınmasına nail olmaq rəqəmsal iqtisadiyyatın inkişafında ən mühüm məsələlərdən biridir. Aİ-nin “doğma ölkədəki kimi rouminq” məkanına inteqrasiya da əsas prioritetlərdən hesab olunur və Gürcüstan qanunvericiliyinin Aİ-nin qanunvericilik sisteminə yaxınlaşdırılması istiqamətində işlər aparılır. Rəqəmsal iqtisadiyyatın və informasiya cəmiyyətinin inkişafı üzrə milli strategiyanın hazırlanması yekun mərhələsindədir. Məqsəd ölkənin Avropa və Asiyanı birləşdirən rəqəmsal tranzit dəhlizi kimi funksiyasını maksimum dərəcədə artırmaqdır. Aİ-Gürcüstan İqtisadi və İnvestisiya Planındakı altı əsas prioritetdən ikisində rəqəmsallaşma ehtiva edilir, yəni Qara dənizin dibi ilə fiber optik kabel və kənd yerlərində yüksək sürətli genişzolaqlı şəbəkənin qurulması. - Azərbaycan:
Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strategiya, innovasiya və rəqəmsallaşma şöbəsinin baş məsləhətçisi Ceyhun Hacıyev və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin əməkdaşı Ülviyyə Abdullayeva
Genişzolaqlı bağlantı və məlumatların idarə edilməsi sahəsində strategiyalar hazırlanır və milli rəqəmsal savadlılıq səviyyələri qiymətləndirilir. Prioritetlər dayanıqlı, inkişaf edən, rəqabətə davamlı iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, eləcə də rəqabət qabiliyyətli insan kapitalı və müasir innovasiya məkanlarıdır. Sosial-iqtisadi inkişaf strategiyasına həmçinin rəqəmsallaşma ilə bağlı 60-dan artıq fəaliyyət daxildir. Onların səmərəli şəkildə həyata keçirilməsi genişzolaqlı bağlantıya çıxış üçün güclü institusional bazaya əsaslanır. Nazirliklərin və şirkətlərin ictimai və şəxsi maraqlarını təmsil etmək məqsədilə verilənlərin idarə edilməsinə dair şuranın yaradılması təklif olunub və sonradan kiçik və orta sahibkarlıq subyektlərinin ona qoşulması planlaşdırılır.
Koordinasiya komitəsinin iclasında bildirilib ki, son illərdə rəqəmsal texnologiyaların milli və regional inkişaf strategiyalarının, eləcə də gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi istiqamətində böyük irəliləyişlər əldə olunub. Lakin rəqəmsal texnologiyaları diqqətdə saxlamalı olan müxtəlif nazirliklər arasında koordinasiya, o cümlədən nazirliklər, donorlar, Şərq Tərəfdaşlığı ölkələri və digər maraqlı tərəflər arasında sinerjinin təmin edilməsi və rəqəmsal transformasiyaya dair məqsədlərin həyata keçirilməsini dəstəkləmək üçün sərmayələrin cəlb edilməsi istiqamətində qarşıdakı illərdə EU4Digital ilə birlikdə həyata keçirilən fəaliyyət üçün çox vacibdir.
Əlavə məlumat
EU4Digital proqramının Koordinasiya komitəsinin iclası rəsmi qaydada təyin olunmuş sponsorlar və maraqlı tərəflər üçün nəzərdə tutulmuş və iştirak dəvət əsasında olmaqla daxili tədbirdir. Bu illik müzakirələr əsas regional EU4Digital təşəbbüsünə həsr olunur. Bu, EU4Digital proqramının Koordinasiya komitəsinin 5-ci illik toplantısı idi. Ondan əvvəl, 14 noyabr 2023-cü il tarixində Şərq Tərəfdaşlığı üzrə Rəqəmsallaşma Konfransı keçirilib. Hər iki tədbir Avropa İttifaqı (Aİ) və Şərq Tərəfdaşlığı (ŞT) arasında rəqəmsallaşma sahəsində birgə proqramın müzakirəsinə həsr olunmuş əsas tədbirlər arasındadır. Bu illik tədbirlər EU4Digital proqramı və onun Şərq Tərəfdaşlığı və Aİ-yə üzv dövlətlərdən olan maraqlı tərəfləri arasında əlaqələri gücləndirir. Bu yolla maraqlı tərəflər layihədən əldə edilən nəticələrə görə öz iştiraklarını və məsuliyyətlərini artırmaq imkanı əldə edirlər.
Rəqəmsallaşma Konfransı və Koordinasiya Komitəsinin iclası ilə bağlı əsas məqamlar EU4Digital xəbər bülletenin xüsusi buraxılışında dərc olunacaq. E-poçt vasitəsilə yeniliklərdən xəbərdar olmaq üçün xəbər bülleteninə abunə olun.
#EU4Digital, #EasternPartnership və #DigitalTransformation heşteqlərini izləyin, bəyənin və paylaşın
Twitter @EU4Digital
- Azərbaycan
- Ermənistan
- Gürcüstan
- Moldova
- Ukrayna
- EaPConnect
- Elektron bacarıqlar
- Elektron etimad
- Elektron səhiyyə
- Elektron ticarət
- Telekommunikasiya qaydaları
- İKT-nin innovativ inkişafı
Daha çox xəbər
-
25/04/2024
Azərbaycan rəqəmsal transformasiyanı sürətləndirmək məqsədilə Rəqəmsal Məcəllə qəbul edir
Azərbaycanda Rəqəmsal Məcəllənin hazırlanması ilə bu ölkənin rəqəmsallaşması istiqamətində mühüm irəliləyiş əl…
Daha çox oxu -
11/04/2024
Özəl 5G şəbəkələrinin inkişafına dair hesabat hər kəs üçün əlçatandır
EU4Digital proqramının ekspertləri Aİ-nin qabaqcıl təcrübələrinə əsasən və proqramın Telekommunikasiya qaydala…
Daha çox oxu -
09/04/2024
EU4Digital Akademiyasında rəqəmsal bacarıqlar üzrə ilk kurs artıq əlçatandır!
EU4Digital proqramı Ukrayna vətəndaşlarını və bu ölkədə fəaliyyət göstərən kiçik və orta ölçülü sahibkarlıq mü…
Daha çox oxu
25/04/2024
Azərbaycan rəqəmsal transformasiyanı sürətləndirmək məqsədilə Rəqəmsal Məcəllə qəbul edir
Azərbaycanda Rəqəmsal Məcəllənin hazırlanması ilə bu ölkənin rəqəmsallaşması istiqamətində mühüm irəliləyiş əl…
Daha çox oxu11/04/2024
Özəl 5G şəbəkələrinin inkişafına dair hesabat hər kəs üçün əlçatandır
EU4Digital proqramının ekspertləri Aİ-nin qabaqcıl təcrübələrinə əsasən və proqramın Telekommunikasiya qaydala…
Daha çox oxu09/04/2024
EU4Digital Akademiyasında rəqəmsal bacarıqlar üzrə ilk kurs artıq əlçatandır!
EU4Digital proqramı Ukrayna vətəndaşlarını və bu ölkədə fəaliyyət göstərən kiçik və orta ölçülü sahibkarlıq mü…
Daha çox oxu