Əsas səhifə / Xəbərdar olun / Son xəbərlər
Rəqəmsal transformasiyada insan faktoru: 2023-ci il üzrə Şərq Tərəfdaşlığı Rəqəmsallaşma Konfransı
Tarix: 20/11/23
Davamlı rəqəmsal transformasiya üçün insan faktoru ilə əlaqədar ehtiyac və faydalar nəzərə alınmalıdır. Bu fikirlər 14 noyabr 2023-cü il tarixində keçirilən EU4Digital proqramının Şərq Tərəfdaşlığı (ŞT) üzrə Rəqəmsallaşma Konfransında səsləndirilib. “Rəqəmsal strateji muxtariyyət: cəmiyyətləri və iqtisadiyyatları gücləndirmək üçün rəqəmsal texnologiyalardan istifadə” mövzusunda olan tədbir, dayanıqlı hökumət və iqtisadiyyatların qurulmasında rəqəmsal bağlantı və süni intellekt (AI) kimi ən son texnologiyalar ilə innovasiyaları necə təşviq etdiyini tədqiq etməyə imkan yaradıb.
Şərq Tərəfdaşlığı regionunun və Şərq Tərəfdaşlığı ölkələrinin – Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynanın rəqəmsal texnologiyalar ilə bağlı gələcəyi də insan amilindən asılıdır. Buraya investisiya, əməkdaşlıq, qarşılıqlı razılaşmalar, qanunvericilik və ümumi standartlar daxildir. Bu cəhətlərin milli və regional strategiyalarda nəzərə alınması rəqəmsal bağlantı infrastrukturunun təkmilləşdirilməsinə, onlayn xidmətlərə çıxışın artırılmasına, rəqəmsal bacarıqların, iş yerlərinin və ticarətin inkişafının stimullaşdırılmasına və səmərəli informasiya təhlükəsizliyi vasitəsilə rəqəmsal ekosistemin qorunması kimi məqsədlərə nail olmağa kömək edə bilər.
Onlayn formatda təşkil olunan konfransa Şərq Tərəfdaşlığı ölkələrinin, EU4Digital təşəbbüsünün və Avropa Komissiyasının Genişlənmə Məsələləri və Qonşuluq Siyasəti üzrə Baş Direktoratının (DG NEAR) yüksək səviyyəli nümayəndələri daxil olmaqla 200-ə yaxın iştirakçı qoşulub. Onlar milli və Avropa strategiyalarını, qarşıda duran vəzifələri və davamlı rəqəmsal transformasiya üzrə fəaliyyətləri müzakirə ediblər. Tədbirin əsas məruzəçisi, Estoniyanın verilənlərə dair baş mütəxəssisi Ott Velsberq, ölkəsinin süni intellektin inkişafı və vətəndaş yönümlü verilənlərin idarə edilməsi sahəsindəki təcrübəsini bölüşüb.
Avropa Komissiyasının Şərq Qonşuluğu və İnstitusional Quruculuq üzrə direktoru Lourens Meredit konfransı açıq elan edib. O, Aİ-nin Vahid rəqəmsal bazarına uyğunlaşma, rəqəmsal icmanın qurulması və Aİ standartlarına uyğunlaşma baxımından EU4Digital proqramı çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrindən olan maraqlı tərəflər arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu dilə gətirib. Bununla belə, o, əməkdaşlığın insanların həyatını həqiqətən yaxşılaşdıran nəticələr təmin etməsi üçün rouminq və raidotezlik spektri üzrə sazişlərinin yekunlaşdırılmasının, eləcə də Aİ-nin region üzrə İqtisadi və İnvestisiya Planı çərçivəsində gələcək investisiyalarının əhəmiyyətini vurğulayıb.
Biz uzun bir yol qət etmişik, lakin rəqəmsal transformasiya istiqamətində işimizi gücləndirməliyik.
Avropa Komissiyasının Şərq Qonşuluğu və İnstitusional Quruculuq üzrə direktoru Lourens Meredit
Tədbirə DG NEAR-in Şərq Tərəfdaşlığı üzrə iqtisadi inkişaf və rəqəmsal texnologiyalara keçid komandasının rəhbəri Gerald Odas sədrlik edib. O bildirib ki, “Aİ prinsiplərinə uyğun rəqəmsal transformasiyanın əldə olunması vətəndaşlara və müəssisələrə çoxlu sayda faydalar təmin edəcək”. Cəmiyyətlərin və iqtisadiyyatların bir-birinə uzlaşdırılması və onlayn dövlət xidmətlərinin daha səmərəli və şəffaf olması “regionda süni intellekt kimi yeni texnologiyaların potensialından tam yararlanmağa imkan verəcək ki, bu da son dərəcə faydalı olmaqla yanaşı, iqtisadiyyatların inkişafını və rəqabət qabiliyyətini sürətləndirir”. Lakin, o, bu cür texnologiyaların risksiz olmadığını etiraf edərək, verilənlərdən istifadənin tənzimlənməsi və süni intellekt sahəsində innovasiyaları təşviq edən qanunların hazırlanması “riskləri məhdudlaşdırmaqla yanaşı, texnoloji üstünlüyü və rəqəmsal suverenliyimizi artırmaq üçün ilkin şərtlərdən” olduğunu əlavə edib.
Estoniyanın verilənlərə dair baş mütəxəssisi Ott Velsberq 1,3 milyon əhalisi olan bu kiçik ölkənin ÜDM baxımından Avropanın ən böyük verilənlər iqtisadiyyatına malik olduğunu qeyd edib. 2018-ci ildə Estoniya əsas səriştələri inkişaf etdirmək və bu texnologiyanın gələcək inkişafı ilə bağlı qərar qəbul etmək üçün əsas diqqəti süni intellekt kimi texnologiyaya yönəldib. Hal-hazırda Estoniya süni intellekt üzrə üçüncü strategiyasını həyata keçirməyə hazırlaşır və bu sahədə müvafiq bacarıqların çatışmazlığı ilə üzləşib. “Biz süni intellektin tətbiqinin insan yönümlü və etibarlı olmasını təmin etməliyik. Bizim buna yanaşmamız vətəndaş yönümlü verilənlərin, yəni məlumatların əlçatanlığı, açıqlığı, idarə edilməsi, məxfiliyi və s. ilə əlaqəli hər bir hissənin idarə edilməsidir”. Əsas prinsip ondan ibarətdir ki, hökumət süni intellektə investisiya qoyursa, o, vətəndaşlar üçün əlçatan olmalıdır. Bu fəaliyyətin digər mühüm cəhətlərindən biri də bütün vətəndaşlara virtual dövlət xidmətlərinin göstərilməsi üçün Eston dilində heç bir maneənin olmamasının təmin edilməsidir. “Bu sıçrayışların mümkün olması üçün verilənləri hərəkətverici qüvvə olaraq diqqət mərkəzində saxlamaq olduqca vacibdir”,- o, deyib. “Bizim strategiyamız icma yönümlü bir yanaşmadır: mövcud xidmətlərdən və vasitələrdən təkrar istifadə, kiçik işlərdən başlama və sadə formada davam etmə”.
Rəqəmsal infrastrukturdan rəqəmsal innovasiyaya
Rəqəmsal bağlantı davamlı rəqəmsal transformasiyanın ilk mühüm komponentidir. Konfrans iştirakçılarının diqqətini kommunikasiya infrastrukturuna yönəldən EU4Digital proqramının komanda rəhbəri Artur Piliponis Şərq Tərəfdaşlığı ölkələri tərəfindən bu günə qədər həyata keçirilən işlərdən bəhs edib. “Ölkələr bazarı anlamaq, verilənlər toplamaq və ona əsaslanan qərarlar qəbul etmək bacarıqlarını təkmilləşdirirlər”. Yeni nailiyyətlər yüksək sürətli, sərfəli və təhlükəsiz genişzolaqlı internetə doğru irəliləyir, lakin “eyni zamanda, innovasiyalar, rəqəmsal ekosistemlər və rəqəmsal iqtisadiyyat üçün baza rolunu oynayan rəqəmsal bağlantının yaradılması üçün hələ çox işlər görülməlidir”, – o, qeyd edib.
Şərq Tərəfdaşlığı ölkələrinin nümayəndələri daha sonra bağlantı sahəsinə dair strategiyalarını, rəqəmsallaşmadakı qeyri-bərabərliyi aradan qaldırmağa yönəlmiş təşəbbüsləri və məqsədlərinə çatmaqda üzləşdikləri çətinlikləri nəzərdən keçiriblər.
- Moldova Respublikasının İqtisadi İnkişaf və Rəqəmsallaşma Nazirliyinin dövlət katibi Mihai Lupasku ölkəsinin bu yaxınlarda qəbul olunmuş rəqəmsal transformasiya strategiyasını müzakirə edib. Bu strategiyada hər bir vətəndaş üçün bağlantı və sərfəli internetin təmin edilməsi əsas prioritetlər sırasındadır. Ən mühüm məsələlər infrastruktura böyük sərmayələri iqtisadi cəhətdən yararsız edən əhalinin azalması, xidmət təminatçılarının şəbəkənin genişləndirilməsinə və yeni texnologiyalara sərmayə yatırmaq imkanlarının aşağı olması və son inflyasiya nəticəsində vətəndaşların alıcılıq qabiliyyətinin aşağı düşməsidir. Qarşıda duran məqsədlərə 2025-ci ilədək əhalinin 80%-nin, 2030-cu ilədək isə 90%-nin genişzolaqlı internetə çıxışını təmin etmək daxildir. Buna nail olmaq üçün Moldovanın normativ-hüquqi bazası elektron kommunikasiyalar ilə bağlı Aİ-nin qanunvericilik bazası ilə uyğunlaşdırılacaq və telekommunikasiya xidməti təminatçıları rabitə şəbəkəsinin xərclərini azaltmalı və onlara dəstək verməli olacaq. Moldova və Aİ ölkələri arasında səyahət edən vətəndaşlar üçün daha aşağı rouminq tariflərinin tətbiqi 1 iyun 2024-cü ildən qüvvəyə minir.
- Ermənistan Respublikasının Yüksək Texnologiyalar Sənayesi Nazirinin birinci müavini Gevorq Mantaşyan fərdi şəxslər və müəssisələr arasında qarşılıqlı əlaqələri, eləcə də yüksək ixtisaslı işçi qüvvəsinə ehtiyacın və hökumətin insan resurslarına sərmayə qoyması təşəbbüslərinin “aktual mövzu” olduğunu vurğulayıb. Canlı startap ekosistemi və rəqəmsal təhsili ön plana çəkməklə Ermənistan rəqəmsallaşma sahəsində olan qeyri-bərabərliyə “fəlsəfi və hətta mənəvi” nöqteyi-nəzərdən baxır və əməkdaşlıq, eləcə də rəqəmsal texnologiyalar və platformaların sınaqdan keçirilməsinə maraq göstərir. Rəqəmsal bağlantı və infrastrukturun keyfiyyəti cəmiyyətin hədəfləri, ticarətin, bazarın əlçatanlığı və iqtisadiyyatın məqsədləri üçün mühüm rol oynayır. Daha yaxşı infrastruktur və qabaqcıl texnologiyalar yaradıcılığı sürətləndirməyə və startap ekosistemini daha da stimullaşdırmağa kömək edəcək.
- Ukraynanın Rəqəmsal Transformasiya Nazirliyinin Genişzolaqlı İnfrastruktur Departamentinin direktoru Yuriy Matsik Rusiyanın təcavüzü nəticəsində ölkənin struktur inkişafı ilə yanaşı, rəqəmsal bağlantı sahəsinə təsirini təsvir edib. Hazırkı münaqişədən əvvəl bağlantı sahəsində 98% nəticə əldə edilib: 8300 şəhərdə 2,7 milyon ukraynalı ilk dəfə 4G-yə çıxış əldə edib. 2021-ci ildə dövlət proqramı çərçivəsində 3000 kənddə 1 milyondan çox ukraynalı yüksək sürətli internetlə təmin olunub və 7000-dən çox sosial arasında bağlantı qurulub. Hazırda İKT şəbəkələri qismən və ya tamamilə məhv edilib, mindən çox kiberhücum İT və telekommunikasiya sahəsini hədəfə alıb, 600-dən artıq operatorun infrastrukturu məhv edilib. Telekommunikasiya sektorunun bərpası məqsədilə təxminən 2 milyard dollar tələb olunur və etibarlı enerji təchizatının olmaması əsas maneələrdən biridir. Hazırda məqsəd dayanıqlığı artırmaq, internetə çıxışı sabitləşdirmək və qorumaq, kibertəhlükəsizliyi gücləndirmək və Ukrayna və Qara dəniz vasitəsilə Avropa ilə Asiya arasında rəqəmsal bağlantının qurulmasına nail olmaq üçün şəbəkələri müasirləşdirmək və yenidən qurmaqdır.
- Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin Rabitə, İnformasiya və Müasir Texnologiyalar Departamentinin baş mütəxəssisi Gülnaz Bokuçava bildirib ki, coğrafi yerləşmə və maliyyə ilə bağlı çətinliklər şəhər və kənd və ya dağlıq regionlar arasında rəqəmsallaşmada müşahidə olunan qeyri-bərabərliyi aradan qaldırmağa yönəlmiş layihələrə maneə törədir. Bu ölkənin 2020-2025-ci illər üzrə genişzolaqlı bağlantının inkişafına dair strategiyası üç istiqaməti əhatə edir: rəqabətin artırılması, investisiyaların cəlb edilməsi və bacarıqların təkmilləşdirilməsi. Artıq Log-in Georgia layihəsi vasitəsilə kənd yerlərini sürətli, etibarlı internet xidmətləri ilə təmin etmək üçün milli genişzolaqlı şəbəkənin genişləndirilməsinə sərmayə yatırılıb. Nazirlik rəqəmsallaşmanın maliyyələşdirilməsini əlaqələndirən və müxtəlif tədbirləri fəal şəkildə həyata keçirən normayaradan orqan kimi fəaliyyət göstərir. Beynəlxalq bağlantı sahəsinə sərmayələrin qoyulması vacibdir; investisiyaların cəlb edilməsi yönəlmiş layihəyə rəqəmsal qovşağın və regional məlumat mərkəzlərinin yaradılması, eləcə də əhalinin daha az sıxlıqda olduğu ərazilərdə ictimai şəbəkələrin dəstəklənməsi üzrə fəaliyyətlər daxildir. Az xidmət olunan ərazilərdə rəqəmsal texnologiyalar sahəsindəki proqramları sakinlərə rəqəmsal vasitələrdən istifadə etmək və ucqar ərazilərdəki insanlara iqtisadi imkanlar açır. Gürcüstan qanunları, hüquqi və texniki bazaları Aİ qanunvericiliyinə uyğunlaşdırır, xərcləri azaldır və 2023-cü ildə rəqəmsal şəbəkələr və xidmətlərdə təkmilləşdirmələri dəstəkləmək üçün tədbirlərə şərait yaradan infrastrukturun paylaşılması haqqında qanun qəbul edilib.
- Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strategiya, innovasiya və rəqəmsallaşma şöbəsinin baş məsləhətçisi Ceyhun Hacıyev Onlayn Azərbaycan layihəsini təqdim edib. Layihədə köhnə ADSL texnologiyasının müasir, ucuz texnologiya ilə əvəz edilməsi və yüksək sürətli internetə çıxış, eləcə də ən ucqar ərazilərdə bağlantıdan istifadəni asanlaşdıran innovativ texnoloji həllər vasitəsilə vətəndaşların rifahını yaxşılaşdırmaq nəzərdə tutulub. Layihə dövlət və özəl sektorlar arasında tərəfdaşlıq və əməkdaşlığa əsaslanır və 2024-cü ilin sonunadək bütün ev təsərrüfatlarının saniyədə ən azı 25 meqabit internetə çıxışla təmin edilməsi daxil olmaqla, müxtəlif təşəbbüslərin həyata keçirilməsinə əsaslanır. Bu fəaliyyətlərə hazırlıq məqsədilə regionlarda rəqəmsal texnologiyalar sahəsində savadlılığın və davranışın müəyyənləşdirilməsi istiqamətində işlər aparılıb. Azərbaycanda da bu yaxınlarda telekommunikasiya sahəsində müstəqil tənzimləyici – İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi yaradılıb. Onun fəaliyyətlərinə yüksək keyfiyyətli, sərfəli, şəffaf, etibarlı və məsuliyyətli istehlakçı yönümlü telekommunikasiya və poçt xidmətləri ilə rəqəmsal mühit yaratmaq üçün tənzimləyici nəzarət və spektrin idarə edilməsi daxildir.
Əlavə məlumat
Bu, Şərq Tərəfdaşlığı üzrə üçüncü illik EU4Digital Rəqəmsallaşma Konfransı idi. Onun ardınca 15 noyabr 2023-cü il tarixində EU4Digital proqramının Kordinasiya Komitəsinin qapalı iclası keçirilib. Hər iki tədbir Avropa İttifaqı (Aİ) və Şərq Tərəfdaşlığı (ŞT) arasında rəqəmsallaşma sahəsində birgə proqramın müzakirəsinə həsr olunmuş əsas tədbirlər arasındadır. Bu illik tədbirlər EU4Digital proqramı və onun Şərq Tərəfdaşlığı və Aİ-yə üzv dövlətlərdən olan maraqlı tərəfləri arasında əlaqələri gücləndirir. Bu yolla maraqlı tərəflər layihədən əldə edilən nəticələrə görə öz iştiraklarını və məsuliyyətlərini artırmaq imkanı əldə edirlər.
Rəqəmsallaşma Konfransından slaydlar və videolar konfransın internet səhifəsində yerləşdiriləcək.
Rəqəmsallaşma Konfransı və Koordinasiya Komitəsinin iclası ilə bağlı əsas məqamlar EU4Digital xəbər bülletenin xüsusi buraxılışında dərc olunacaq. E-poçt vasitəsilə yeniliklərdən xəbərdar olmaq üçün xəbər bülleteninə abunə olun.
#EU4Digital, #EasternPartnership və #DigitalTransformation heşteqlərini izləyin, bəyənin və paylaşın
Twitter @EU4Digital
- Azərbaycan
- Ermənistan
- Gürcüstan
- Moldova
- Ukrayna
- EaPConnect
- Elektron bacarıqlar
- Elektron etimad
- Elektron səhiyyə
- Elektron ticarət
- Telekommunikasiya qaydaları
- İKT-nin innovativ inkişafı
Daha çox xəbər
-
25/04/2024
Azərbaycan rəqəmsal transformasiyanı sürətləndirmək məqsədilə Rəqəmsal Məcəllə qəbul edir
Azərbaycanda Rəqəmsal Məcəllənin hazırlanması ilə bu ölkənin rəqəmsallaşması istiqamətində mühüm irəliləyiş əl…
Daha çox oxu -
11/04/2024
Özəl 5G şəbəkələrinin inkişafına dair hesabat hər kəs üçün əlçatandır
EU4Digital proqramının ekspertləri Aİ-nin qabaqcıl təcrübələrinə əsasən və proqramın Telekommunikasiya qaydala…
Daha çox oxu -
09/04/2024
EU4Digital Akademiyasında rəqəmsal bacarıqlar üzrə ilk kurs artıq əlçatandır!
EU4Digital proqramı Ukrayna vətəndaşlarını və bu ölkədə fəaliyyət göstərən kiçik və orta ölçülü sahibkarlıq mü…
Daha çox oxu
25/04/2024
Azərbaycan rəqəmsal transformasiyanı sürətləndirmək məqsədilə Rəqəmsal Məcəllə qəbul edir
Azərbaycanda Rəqəmsal Məcəllənin hazırlanması ilə bu ölkənin rəqəmsallaşması istiqamətində mühüm irəliləyiş əl…
Daha çox oxu11/04/2024
Özəl 5G şəbəkələrinin inkişafına dair hesabat hər kəs üçün əlçatandır
EU4Digital proqramının ekspertləri Aİ-nin qabaqcıl təcrübələrinə əsasən və proqramın Telekommunikasiya qaydala…
Daha çox oxu09/04/2024
EU4Digital Akademiyasında rəqəmsal bacarıqlar üzrə ilk kurs artıq əlçatandır!
EU4Digital proqramı Ukrayna vətəndaşlarını və bu ölkədə fəaliyyət göstərən kiçik və orta ölçülü sahibkarlıq mü…
Daha çox oxu