8-10 oktyabr 2019-cu il tarixində Moldova Elektron Rabitə və İnformasiya Texnologiyalarının Tənzimlənməsi üzrə Milli Agentliyi (ANRCETI) tərəfindən EaPeReg Şəbəkəsinin (Şərq Tərəfdaşlığı Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsi) Radiotezlik Spektri (SEWG) üzrə Mütəxəssis Qrupunun 9-cu görüşü keçirilib.
Adı çəkilən tədbir Avropa İttifaqının dəstəyi ilə Gürcüstanın Milli Rabitə Komissiyası (GNCC) ilə əməkdaşlıq çərçivəsində təşkil edilib. Sözügedən komissiya hazırda “SEWG” Qrupuna sədrlik edir.
Görüşdə altı Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinin tənzimləyici orqanlarının mütəxəssəsiləri, eləcə də Aİ-yə üzv dövlətlərdə (Rumıniya, Litva, Latviya, Macarıstan, Slovakiya, Fransa, İsveçrə və İsveç) bu sahədə çalışan ekspertlər və EU4Digital proqramının ekspertləri iştirak edib.
SEWG Qrupunun görüşünün məqsədi, 5G texnologiyasına əsaslanan mobil şəbəkələrin inkişafı üçün ŞT ölkələrinin elektron rabitə bazarında 700 MHz və 3400-3800 Mhz tezlik diapazonunun istifadəyə verilməsində Aİ-nin qabaqcıl təcrübəsinin tətbiqinə dair təhlilin nəticələrini təqdim və müzakirə etməkdir.
Hal-hazırda Moldova Respublikasında 3400-3800 Mhz tezlik diapazonu istifadəyə verilib və adı çəkilən məqsədlər üçün paylana bilər. 700 MHz diapazonu isə analoq formatında olan yerüstü televiziya xidmətləri üçün ayrılmışdır. Onun paylanması isə rəqəmsal televiziya yayımına keçid tam başa çatdıqdan sonra mümkün olacaq.
Müzakirələrə həmçinin şüalanma sahəsinin gücü, 5G dəhlizləri, 5G texnologiyasına dair tenderlərin həyata keçirilməsi və təşkili, lisenziya öhdəlikləri və 5G şəbəkələri üzrə transsərhəd əlaqələndirmə prosedurları daxil olub.
Sözügedən tədbirlər EU4Digital təşəbbüsü ilə sıx əməkdaşlıq şəraitində həyata keçiriləcək. Aİ bu təşəbbüs çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrində rouminq tariflərinin azaldılması, yüksək sürətli genişzolaqlı elektron xidmətlərin genişləndirilməsi, cəmiyyət arasında rəqəmsallaşdırma proseslərinin uyğunlaşdırılması, kibertəhlükəsizliyin gücləndirilməsi və rəqəmsal bacarıqların inkişafına dəstək verir.
“EaPeReg” qrupu 2012-ci ildə Aİ-nin dəstəyi ilə Kişinyovda təsis edilib. Qrupun vəzifəsi ŞT ölkələrində və Aİ-də elektron rabitə sahəsi tənzimləyiciləri arasında məlumat və təcrübə mübadiləsi, ŞT ölkələrində qanunvericilik bazasının Aİ standartlarına uyğunlaşdırılması və Avropanın normativ-hüquqi bazası üzrə qabaqcıl təcrübənin tətbiqini təmin etməkdir.