Yalnız dörd Aİ ölkəsi rəqəmsallaşdırma sahəsində ABŞ-dan öndədir – AİB, Aİ və ABŞ-da rəqəmsallaşdırmanın cari vəziyyətinə dair yeni hesabatını təqdim etmişdir

  • Tarix: 21/04/20
  • Paylaş:

Koronavirus pandemiyası ilə mübarizə apardığımız bir dövrdə rəqəmsal texnologiyalar gündəlik həyatın, iqtisadi və sosial fəaliyyətlərin ayrılmaz bir hissəsinə çevrilib, eyni zamanda sənaye və müəssisələrin bərpası baxımından böyük əhəmiyyətə malikdir. Koronavirus pandemiyası rəqəmsallaşdırma sahəsində dönüş nöqtəsinə çevrilir. O rəqəmsal texnologiyaların yetkinləşməsini sürətləndirməklə yeni bir dövrün başlanğıcı kimi bir vaxtlar “olsaydı yaxşı olardı” kimi qəbul etdiyimiz vasitələri günün tələbinə çevirir. Orta və uzun müddətli perspektivdə inkişaf etmək və daha dayanıqlı olmağa çalışan müəssisələr və təşkilatların hazırki vəziyyətdə rəqabət qabiliyyətlərini qoruyub saxlaya bilmələri üçün rəqəmsal transformasiyaya dair planlarını yenidən nəzərdən keçirmələri tələb oluna bilər.

Bu baxımdan AİB-in Hansı ölkələr yeni rəqəmsal eraya hazırdır? adlı hesabatı dərc olunub. Şirkətlər arasında keçirilən sorğuya əsaslanaraq hazırlanan hesabat göstərir ki, Aİ firmaları bir çox sektorlarda ABŞ firmalarından geri qalır. Hesabatda həmçinin rəqəmsal texnologiyalar sahəsində sərmayə qoyuluşu və bu texnologiyaların tətbiqində firmaların üzləşdiyi əsas çətinliklər təsvir olunub. Hesabatda xüsusən idarəetmə, ixtisaslı əmək və qanunvericilik mühitinə çıxışının Avropa, eləcə də ABŞ firmalarının rəqəmsallaşdırılmasına təsiri vurğulanır.

Avropa qanunvericiləri Avropa firmalarının rəqəmsal texnologiyalardan daha çox istifadə etməsini istəyirlərsə, onlar rəqəmsallaşdırma sahəsinə sərmayələrin qoyulmasında mövcud olan maneələri aradan qaldırmalıdırlar”, deyə AİB-in baş iqtisadçısı Debora Revoltella bildirir. “Siyasətə dair fəaliyyətlərdə rəqəmsallaşdırılmanın qısa müddət ərzində tətbiq olunması ilə bağlı tədbirlər nəzərdə tutulmalıdır. Buraya qabaqcıl idarəetmə bacarıqları və təcrübələri, işçilərin bacarıqlarının təlimlər vasitəsilə təkmilləşdirilməsi və qeyri-maddi və rəqəmsal texnologiyalara qoyulan sərmayələrin maliyyələşdirilməsinin asanlaşdırılması daxildir. Cari Covid-19 iqtisadi böhranı bu təşəbbüslərdən bəzisinin ilkin mərhələdə tətbiqi üçün bir fürsət rolunu oynaya bilər”.

Aİ rəqəmsallaşdırma sahəsində ABŞ-dan geri qalır

Hesabatda firmalar səviyyəsində olan məlumatlara və anlayışlara əsaslanaraq hazırlanan AİB-in Rəqəmsallaşdırma İndeksində Aİ-nin rəqəmsallaşdırma sahəsində ABŞ-dan geri qaldığı göstərilir. Yalnız dörd Aİ ölkəsi (Danimarka, Niderland Krallığı, Çex Respublikası və Finlandiya) rəqəmsallaşdırma sahəsində ABŞ-dan öndədir.

ABŞ-da fəaliyyət göstərən müvafiq firmalar ilə müqayisədə, Avropa firmaları orta hesabla nadir hallarda tam rəqəmsallaşdırılıb, rəqəmsal texnologiyalara sərmayə qoyur və onları tətbiq edirlər. ABŞ və Aİ arasında böyük fərq xüsusilə tikinti sektorunda qeydə alınmışdır. Bu sahə üzrə Aİ-də firmaların cəmi 40%-i, ABŞ-da isə 61%-i rəqəmsal texnologiyalardan yararlanır. Aİ və ABŞ arasında rəqəmsal texnologiyaların tətbiqində qeydə alınan fərq xidmətlərdə 13 faiz bəndi, infrastruktur sektorunda isə 11 faiz bəndi təşkil edir. İstehsal sahəsinə gəlincə, Aİ-də fəaliyyət göstərən firmaların cəmi 66%-i azı bir rəqəmsal texnologiya tətbiq etdiyini bildirmişdir. Bu rəqəm ABŞ-da 78% təşkil edir.

Rəqəmsallaşdırılan firmalar daha yaxşı fəaliyyət göstəricilərinə malikdir Hesabatda həmçinin rəqəmsal müəssisələrin daha yaxşı və daha dinamik fəaliyyət göstərdiyinə dair sübütlar təqdim olunub. Rəqəmsal texnologiyalardan istifadə edən firmalar digərlərinə nisbətən daha yüksək məhsuldarlığa, daha yaxşı idarəetmə təcrübəsinə malikdirlər. Onlar yenilikçidir, sürətlə böyüyürlər və yüksək əmək haqlı işlər yaradırlar və bununla da qlobal böhrandan sonra bərpa prosesini asanlaşdırırlar. Rəqəmsallaşdırma prosesində ölçünün də böyük əhəmiyyəti var: həm Aİ-də, həm də ABŞ-da olan böyük firmalar daha sürətlə rəqəmsallaşmağa meyllidirlər. Ölçünün təsiri əsasən istehsalla məşğul olan firmalar arasında nəzərə çarpır. İşçilərinin sayı on nəfərdən az olan Aİ firmalarının yalnız 30%-i rəqəmsal texnologiyalardan istifadə edir, halbuki 250-dən çox işçisi olan firmalar üçün bu rəqəm 79%-ə çatır. Avropa üçün əsas spesifik maneələrdən biri şirkətin əlverişsiz ölçüdə paylanmasıdır. Aİ-dəki bir çox kiçik, xüsusən də köhnə firmalar, əmək bazarı qaydalarını, işgüzar qaydaları və xarici

maliyyənin olmamasını investisiyalar üçün əsas əngəl hesab edirlər və bu da öz növbəsində rəqəmsal texnologiyaların tətbiq edilməsini daha da gecikdirə bilər.

Hesabatı və ölkə üzrə təhlili buradan oxuyun:

https://www.eib.org/en/publications/who-is-prepared-for-the-new-digital-age

və ya

Xülasəni onlayn formatda buradan oxuyun:

https://www.eib.org/en/about/economic-research/surveys-data/eibis-digitalisation-report