2020-ci il 25-27 noyabr tarixlərində EU4Digital proqramının “Cybersecurity East” layihəsinin və Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) birgə təşkilatçılığı ilə 8-ci Moldova Kiber Həftəsi keçirilib. Tədbir “Güclü kibertəhlükəsizlik infrastrukturunun yaradılması” mövzusunda baş tutub.
Tədbirdə yüksək vəzifəli rəsmi şəxslər, diplomatik nümayəndəliklərin nümayəndələri və altı Şərq tərəfdaşlıq ölkəsi daxil olmaqla 12-dən artıq ölkədən mütəxəssislər iştirak edib. 1300-ə yaxın iştirakçı tədbiri onlayn formatda izləyib və “yeni normal” dövrdə kibertəhlükəsizlik infrastrukturu, 2020-ci ilin əsas tendensiyaları, süni intellekt üzrə texnoloji həllər, səmərəli ekosistemlərin qurulması, bu sahədə regional və beynəlxalq əməkdaşlıq və digər dövlətlərin təcrübəsi baxımından milli kibertəhlükəsizlik potensialının formalaşdırılması haqqında məlumat əldə ediblər.
Konfransı Moldova Respublikasının Baş naziri İon Kiku açıb və onun ardınca Aİ-nin Moldovadakı səfiri Piter Mixalko çıxış edərək Aİ-nin kibertəhlükəsizliyə dair qanunvericiliyinin mövcud vəziyyətinə diqqət çəkib. Eyni zamanda səfir Aİ-nin EU4Digital təşəbbüsünün kibertəhlükəsizlik və kibercinayətlərə dair layihələri vasitəsilə altı Şərqi tərəfdaşlıq ölkəsini dəstəklədiyini vurğulayıb.
Aİ tərəfindən maliyyələşdirilən “Cybersecurity East” layihəsinin komanda rəhbəri Besnik Limaj, layihənin fəaliyyətini təqdim edərək hər kəsin kibertəhlükəsizlik sahəsində məsuliyyətli olmasını qeyd edib: “Düşünürəm ki, bütün bu olduqca iddialı siyasətlərin qarşısında duran problem onları orta statistik ŞT vətəndaşı üçün konkret bir şeyə, sadə, ancaq işləri yerinə yetirən bir şeyə çevirməkdir. Aİ tərəfindən maliyyələşdirilən layihəmiz, konsorsium üzvlərimiz və inanılmaz mütəxəssis qrupumuz sayəsində olduqca geniş maraqlı tərəfdaşlarımız olduğuna əmin olaraq altı ŞT ölkəsinin icmalarını bir araya gətirəcəyik… Məqsədimiz milli kibertəhlükəsizlik agentlikləri, milli və ya hökumətə məxsus Kompüter insidentlərinə qarşı cavab qruplarını (CERT) əhatə etməkdir. Biz bu çoxtərəfli təsirin gücünə güvənirik”.
26-27 noyabr tarixlərində Kibertəhlükəsizlik layihəsi həftə ərzində keçiriləcək tədbirlər çərçivəsində iki onlayn seminar keçirib.
Seminarlardan biri İnsidentlərə cavab və təhlükələrin axtarışı məsələlərinə həsr olunub və müəssisənin təhlükəsizliyinin yaxşılaşdırılmasına yönəlmişdir. Bu seminarda iştirakçılar real hadisələrə əsaslanaraq insidentlərə cavab və təhlükələrin axtarışı üsullarının fərqli cəhətlərini öyrəniblər. İştirakçılar “honeypots”, “Suricata”, “Wireshark” və digər praktik alətlər daxil olmaqla müxtəlif texnikalardan istifadə etmək imkanı əldə ediblər.
İnformasiya əsrində kiber risklərin idarə olunmasına dair onlayn seminarda təşkilatın şəbəkələri, sistemləri və məlumatları daxilindəki zəif cəhətlərin aşkar edilməsi və azaldılması barədə hərtərəfli məlumat verilib. Bu seminar zamanı hər hansı bir təşkilatın risk profilinin tənqidi təhlili və kibertəhlükəsizlik infrastrukturundakı çətinliklər vasitəsilə hər hansı bir biznes və ya quruma rəhbərlik etmək üçün lazımi bacarıqların qazanılmasına dair praktik nümunələr təqdim edilib.
EU4Digital Cybersecurity East layihəsinin məqsədi, kibertəhlükəsizliyi və kiberhücumlara qarşı hazırlığı Aİ-nin standartlarına uyğun şəkildə artıran texniki və əməkdaşlıq mexanizmlərinin hazırlanmasıdır.