Altı Şərq Tərəfdaşlığı ölkəsinin nümayəndələri Regional Rouminq Razılaşması və Radiotezlik spektri üzrə regional razılaşmanın 2021-ci ilin dekabrında imzalanması üçün milli səviyyədə bütün zəruri addımları atmağa hazır olduqlarını ifadə ediblər.
Sentyabrın 23-də Şərq Tərəfdaşlığı telekommunikasiya tənzimləyiciləri şəbəkəsi (EaPeReg) tərəfindən hər iki müqavilə ilə bağlı təşkil edilən forumda altı tərəfdaş ölkədən əlaqədar təşkilatlar iştirak edib.
Hər iki saziş EU4Digital təşəbbüsü üçün əsas prioritetlərdəndir. Regional Rouminq Razılaşmasının Şərq Tərəfdaşlığı ölkələrindəki rouminq qiymətlərini beş il ərzində təxminən 90% azaldacağı və ümumi müsbət təsirinin 4,6 milyon avro təşkil edəcəyi gözlənilir. Radiotezlik spektri üzrə regional razılaşma Şərq Tərəfdaşlığı regionunda 5G texnologiyasının inkişafı üzrə əsas tezlik diapazonlarının uyğunlaşdırılmasına imkan yaradacaq və tərəfdaş ölkələrdə yüksək sürətli mobil texnologiyaların tətbiqini sürətləndirəcək.
Maraqlı tərəflərin forumuna Şərq Tərəfdaşlığı ölkələrində yerləşən tərəfdaş təşkilatlardan 84 nümayəndə qatılıb.
İştirakçılara tənzimləmə sahəsində görülən işlərlə bağlı məlumat verilib. EU4Digital təşəbbüsünun bu istiqamət üzrə fəaliyyəti hər bir tərəfdaş ölkə üçün qanun layihələrinin hazırlanması ilə tamamlanacaq, eyni zamanda milli tənzimləyicilərin imkanları artırılacaq, rouminq və radiotezlik spektri üzrə razılaşmaların icrası asanlaşacaq, elektron rabitə bazarlarında rəqabət gücləndiriləcək və istehlakçı hüquqları qorunacaqdır.