EU4Digital proqramı, Şərqi tərəfdaşlıq ölkələri və Aİ-yə üzv ölkələr arasında vahid beynəlxalq rouminq məkanının yaradılmasına dair texniki-iqtisadi əsaslandırma işinə başlayıb. 2020-ci il 5-9 oktyabr tarixlərində baş tutan EU4Digital təşəbbüsü Koordinasiya komitəsinin iclası ilə paralel olaraq oktyabrın 7-də keçirilən virtual iclas zamanı ŞT və Aİ arasında rouminq məkanına dair əsaslandırma işinə başlandığı qeyd olunub.
Rouminq üzrə mütəxəssis işçi qrupunun (REWG) üzvləri, Avropa Elektron Rabitə Tənzimləyiciləri Şurasının (BEREC) nümayəndələri, Avropa Komissiyasının (DG CONNECT, DG TRADE, DG NEAR) rəsmi şəxsləri, Rəqəmsal bazarların uzlaşdırılması üzrə (HDM) koordinatorlar, Aİ Nümayəndəliklərinin əməkdaşları və ŞT ölkələrindən digər maraqlı şəxslər daxil olmaqla, 50-dən artıq iştirakçı tədbirə qatılıb.
EU4Digital proqramının Telekommunikasiya qaydaları proqramının rəhbəri Andres Dombrovoskis ŞT və Aİ arasında rouminq məkanına dair əsaslandırma işinin hazırlanması ilə bağlı yeni fəaliyyət haqqında məlumat verərək görüləcək işin əhatə dairəsi və gözlənilən nəticələri, yüksək səviyyəli iş planı, maraqlı tərəflərin cəlb olunmasına dair yanaşma, o cümlədən texniki-iqtisadi əsaslandırma işinin mükəmməl nəticələnməsi ilə bağlı dəyərli fikirlərini bölüşüb.
“Mən indicə təqdim olunan bu Şərqi tərəfdaşlıq (ŞT) ölkələri və Aİ arasında rouminq məkanına dair ideya ilə bağlı sonsuz dəstəyimi ifadə etmək istəyirəm. Zənnimcə, bu son dərəcə vacib təşəbbüsdür və gələcəkdə həm ŞT ölkələri, həm də Aİ-yə üzv ölkələrə qarşılıqlı faydalar bəxş edəcək”, – deyə Şərq Tərəfdaşlığı Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsinin (EaPeReg) rəhbəri vəzifəsini icra edən Polşa Elektron Rabitə İdarəsinin (UKE) sədr müavini Karol Krziviçki (UKE) bildirib.
EaPeReg REWG-in rəhbəri Liliya Malon da sözügedən fəaliyyətə dəstəyini ifadə edərək əlavə edib ki, “REWG, bu yeni fəaliyyət çərçivəsində EU4Digital komandası ilə əməkdaşlıq etməyi səbrsizliklə gözləyir.”
BEREC-in vitse-prezidenti Ceremi Qodfri isə bildirib: “ŞT və Aİ arasında vahid rouminq məkanının yaradılması istiqamətində görüləcək işlər mərhələli şəkildə həyata keçirilməlidir və ŞT ölkələri arasında Regional Rouminq Razılaşmasının sona çatdırılması bu işdə çox mühüm addımlardan biri olacaq. Sözügedən razılaşma, ŞT ölkələrinin topdan və pərakəndə satış qiymətləri ilə bağlı üzərlərinə öhdəliklər götürmək və həmin öhdəlikləri yerinə yetirmək qabiliyyətində olduqlarını göstərəcək”. ŞT və Aİ arasında rouminq məkanına dair texniki-iqtisadi əsaslandırma EU4Digital proqramının Telekommunikasiya qaydaları tematik sahəsinin əhatə etdiyi yeni mövzudur. ŞT ölkələri arasında Regional rouminq razılaşmasının imzalanması, vahid rouminq məkanının yaradılmasının mümkünlüyü ilə bağlı gələcək qiymətləndirmələr üçün əsas yaradır və EU4Digital proqramının heyəti bu istiqamətdə öz dəstəyini əsirgəmir. Regional rouminq razılaşmasının imzalanma mərasiminin 2020-ci ilin sonlarında və ya 2021-ci ilin əvvəllərində keçiriləcəyi gözlənilir. Gələcəkdə vahid rouminq məkanının yaradılması reallaşacağı təqdirdə, ŞT və Aİ arasında rouminq məkanına dair əsaslandırmanın məqsədi, layihənin həyata keçirilməsi üçün ən əlverişli hüquqi, iqtisadi və texniki seçim variantının irəli sürülməsi olacaq.