2020-ci il oktyabrın 6-da EU4Digital proqramının təşkil etdiyi virtual görüş zamanı Şərq Tərəfdaşlığı (ŞT) regionunda 5G-nin tətbiqi üçün hazırlıq işlərinin sürətləndirilməsinə dair müzakirələr aparılıb. Sözügedən tədbir 5-9 oktyabr tarixlərində baş tutan EU4Digital təşəbbüsü Koordinasiya komitəsinin iclası çərçivəsində keçirilib.
Müzakirələrə Spektr mütəxəssis işçi qrupunun (SEWG), Avropa Komissiyasının (DG CONNECT, DG NEAR) nümayəndələri, Rəqəmsal bazarların uzlaşdırılması üzrə (HDM) koordinatorlar, Aİ Nümayəndəliklərinin əməkdaşları və Şərqi tərəfdaşlıq ölkələrindən olan digər maraqlı şəxslər daxil olmaqla 60-dan çox iştirakçı qatılıb.
İştirakçılar, insanların və ətraf mühitin elektromaqnit sahələrindən qorunması ilə yanaşı, istilik effekti və təhlükəsiz hesab edilən hüdudları göstərən nəzarət səviyyələri ilə əlaqədar olan əsas məhdudiyyətlər barədə daha çox məlumat almaq imkanı qazanıblar. 5G-nin səmərəli və uğurlu tətbiqi, o cümlədən 4G və 5G texnologiyalarının İtaliya, Polşa və Belçikada tətbiqinə dair nümunələri əhatə edən mövzular EU4Digital radiotezlik spektri üzrə qrup rəhbəri Marsin Biek tərəfindən təqdim edilib.
Təqdimatın ardınca Şərq Tərəfdaşlığı Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsinin (EaPeReg) Radiotezlik spektri üzrə mütəxəssis işçi qrupunun rəhbəri Roman Kurdadze 5G şəbəkələrinin tətbiqi və texniki xidməti, radiotezlik spektrlərinin bölüşdürülməsi və 5G şəbəkələri üzrə təhlükəsizlik, 5G vasitəsilə yayım və ultra yüksək tezlik diapazonunun (UHF) gələcəkdə istifadəsi daxil olmaqla, SEWG-in 5G ilə bağlı prioritetlərini təqdim edərək mövzu ilə bağlı fikirlərini bölüşüb. Tədbir Şərqi tərəfdaşlıq ölkələrində 5G-nin tətbiqi ilə əlaqəli işlər və gələcək planlar barədə ümumi müzakirə ilə başa çatıb. Yeni nəsil 5G texnologiyasının tətbiqi üçün 700 MHz tezlik diapazonunun istifadəyə verilməsi EU4Digital proqramınınTelekommunikasiya qaydaları tematik sahəsinin əhatə etdiyi üç əsas mövzudan biridir. EU4Digital proqramının məqsədi, altı Şərqi tərəfdaşlıq ölkəsində 700 MHz tezlik diapazonunun istifadəyə verilməsində əlaqələndirilmiş yanaşmanın hazırlanması və icrasına dəstək verməkdir. Fəaliyyətlərin hazırkı mərhələsində 700 MHz tezlik diapazonunun istifadəyə verilməsi üzrə regional ŞT yol xəritəsi artıq tətbiq olunmaq üçün ölkələrə təhvil verilmişdir, Radiotezlik spektri üzrə regional razılaşmanın (RSA) uzlaşdırılması başa çatmaq üzrədir və 2021-ci ilin əvvəlinə qədər imzalanması gözlənilir.