2019-cu il sentyabrın 17-də Brüsseldə EU4Digital proqramının Koordinasiya komitəsinin ilk iclası keçirilib. Tədbirdə layihənin icra edildiyi ilk altı ay ərzində əldə olunan irəliləyişlər, eləcə də EU4Digital təşəbbüsü çərçivəsində qarşıda duran prioritetlər nəzərdən keçirilib.
İclasın məqsədi əsas maraqlı tərəflərə EU4Digital proqramının həyata keçirildiyi ilk altı ay (2019-cu ilin yanvar-iyun ayları) ərzində əldə olunan irəliləyişlər və gələcək prioritetlər barədə məlumat verməkdir. Tədbirdə həmçinin genişzolaqlı rabitə üzrə strategiyalar, EaPConnect və gözlənilən Kiber dayanıqlılıq kimi EU4Digital təşəbbüsü çərçivəsində icra olunan digər layihələrin cari vəziyyətinə dair fikir mübadiləsi aparılıb.
Silsilə şəklində təşkil olunan tematik sessiyalarda EU4Digital proqramının altı sahəsi çərçivəsində gələcək prioritetlər aşağıdakılardır:
Telekommunikasiya qaydaları
- ŞT regionunda vahid rouminq məkanının tətbiqi;
- Milli tənzimləyici orqanların müstəqilliyinin gücləndirilməsi;
- 700 MHz tezliyinin istifadəyə verilməsi üçün əlaqələndirilmiş yanaşma.
Etimad və təhlükəsizlik
- Elektron identifikasiyanın qarşılıqlı tanınması;
- Elektron imzanın pilot formatında tətbiqi;
- Kibertəhlükəsizlik ilə əlaqədar standart təlimatlar toplusunun hazırlanması.
Elektron ticarət
- Məlumat mübadiləsi üzrə mexanizmlərin pilot formatında tətbiqi;
- Baltik və Qara dənizləri arasında Rəqəmsal nəqliyyat dəhlizi üzrə pilot layihənin icrasına hazırlıq;
- Transsərhəd Elektron ticarət üzrə layihənin pilot formatında tətbiqi.
İKT-nin innovativ inkişafı və Startap ekosistemləri
- Vahid qanunvericilik bazasının tətbiqi;
- İnnovasiya ekosistemi iştirakçıları arasında şəbəkələrin qurulmasına dəstək;
- Promo kampaniyaların həyata keçirilməsi.
Elektron səhiyyə
- ŞT regionu üzrə vahid uyğunlaşdırma və uzlaşma prosesinə dair təlimatlar və standartların hazırlanması;
- ŞT regionunda elektron səhiyyəyə dair platformanın yaradılması;
- Regionun müvafiq Aİ layihələrinə, proqramlarına və təşəbbüslərinə cəlb edilməsi.
Rəqəmsal bacarıqlar
- ŞT regionunda vahid metodologiyanın müəyyənləşdirilməsi;
- Bacarıqlar və iş yerləri üzrə milli koalisiyaların yaradılması.
Görüşdə həmçinin EU4Digital təşəbbüsünə dair mövzu və ölkələr üzrə əldə edilən xəbər və məlumatların toplandığı yeni internet səhifəsi (www.eufordigital.eu) təqdim olunmuşdur.
Koordinasiya komitəsinin növbəti iclası bir ildən sonra keçiriləcək.
EU4Digital təşəbbüsünün məqsədi Avropa İttifaqının Vahid Rəqəmsal Bazarının faydasını Şərqi Tərəfdaş ölkələrinə qədər genişləndirmək, o cümlədən iqtisadiyyatı inkişaf etdirmək, yeni iş yerləri yaratmaq, insanların həyatlarını yaxşılaşdırmaq və müəssisələrə kömək etmək məqsədilə rəqəmsal iqtisadiyyatın və cəmiyyətin potensialını inkişaf etdirmək üçün Aİ-nin dəstəyini istiqamətləndirməkdir.
Aİ, EU4Digital vasitəsilə rouminq tariflərinin azaldılması, iqtisadiyyatların gücləndirilməsi və elektron xidmətlərin genişləndirilməsi üçün yüksək sürətli genişzolaqlı rabitənin inkişafı, logistika sahəsindən tutmuş səhiyyəyə qədər cəmiyyətin müxtəlif sahələrində rəqəmsallaşdırma proseslərinin uyğunlaşdırılması, kibertəhlükəsizliyin qurulması, bacarıqların inkişafı və rəqəmsal sənaye sahəsində yeni iş yerlərinin yaradılmasında Şərq Tərəfdaşlığı ölkələrinə dəstək verir.