Rəqəmsallaşdırma dünya iqtisadiyyatının mənzərəsini sürətlə dəyişməkdədir. Yeri yaranan texnologiyalar əmək bazarına ciddi təsir göstərir və insanları daha rəqəmsal iş və həyat tərzinə sahib olmaq üçün yeni bacarıqlara yiyələnməyə vadar edir. COVID-19 pandemiyası bir çox təşkilatların, KOB-ların və hətta dövlət qurumlarının rəqəmsal transformasiyasını asanlaşdırdı və indi onlar xidmətlərini onlayn qaydada təqdim edirlər. Bundan əlavə, pandemiya təkmilləşdirilməsi tələb olunan rəqəmsal iqtisadiyyat və cəmiyyət sahələrini, xüsusilə də müvafiq rəqəmsal bacarıqların əhəmiyyətini ön plana çəkdi.
Bəzi hallarda xidmətin onlayn mühitə səmərəli şəkildə keçirilməsi üçün əlavə infrastruktur tələb olunur. Bu səbəbdən lazımi sahələrdə platformalar və veb əsaslı texnoloji həllər yaradıldı. Gələcəkdə iqtisadiyyatın bəzi sektorlarında məsafədən işin və rəqəmsal xidmətlərin qalması ehtimalı yüksəkdir. Buna baxmayaraq, dövlət və özəl xidmətlərin daha rəqəmsal formada həyata keçirilməsi açıq-aydın nümayiş etdirdi ki, həm ümumilikdə əhalidə, həm də dövlət qulluqçularında rəqəmsal bacarıqlar lazımi səviyyədə deyil. Bu, ya rəqəmsal xidmətlərin göstərilməsi prosesində gecikmələrə, yaxud həmin xidmətlərin səmərəli şəkildə istifadəsinə mane olur.
Hətta rəqəmsal infrastruktur və bacarıqlardakı mövcud yeniliklərin olmasına baxmayaraq, rəqəmsallaşdırılmış xidmətlərə keçid rəqəmsal texnologiyalar sahəsindəki qeyri-bərabərsizliyi daha da artırdı və rəqəmsal iqtisadiyyatda və cəmiyyətdə iştirak edə bilməyən cəmiyyətin bir çox imkansız üzvünün olduğunu açıq şəkildə nümayiş etdirdi. Həm Aİ-yə üzv ölkələrdə, həm də Şərqi tərəfdaşlıq ölkələrində belə şəxslərin hüquq və imkanlarının artırılmasına daha çox diqqət yetirilməsi tələb olunur. Birləşmiş Millətlər Təşkilatı rəqəmsal texnologiyaların bərabərsizlikləri gücləndirmək və hətta sürətləndirmək qabiliyyətinə malik olduğunu bəyan etmiş və dünya əhalisinin az qala yarısının (onların çox hissəsini hələ də internetə çıxışı olmayan qadınlar təşkil edir) rəqəmsallaşdırma prosesindən kənarda qalması kimi risklərin olduğunu diqqətə çatdırmışdır.
Avropa Komissiyasının prezidenti Ursula von der Leyen qeyd etmişdir ki, hər kəs rəqəmsal texnologiyalar sahəsində savadlı olmalıdır, ancaq bütövlükdə ayrı-ayrı Aİ-yə üzv dövlətlərdə və Şərqi tərəfdaşlıq ölkələrində əhalinin rəqəmsal yetkinliyi çox fərqlənir. Rəqəmsal İqtisadiyyat və Cəmiyyət İndeksi (DESI) göstərir ki, Aİ-də on yetkin şəxsdən dördü əsas rəqəmsal bacarıqlara malik deyil. Bundan əlavə, 70%-dən çox müəssisədə işçilərin müvafiq rəqəmsal bacarıqlarının olmaması sərmayələrə maneə yaratdığı bildirilir. Şərqi tərəfdaşlıq ölkələri oxşar problemlərlə üzləşib və əhalinin əsas rəqəmsal bacarıqlarla bağlı səviyyəsi nisbətən aşağı olaraq qalır. Məsələn, 2019-cu ildə “Caucasus Barometer” təşkilatı tərəfindən aparılan sorğu göstərir ki, Gürcüstan əhalisinin 47%-də kompüterdən istifadə etmək üçün hətta elementar rəqəmsal bacarıqlar yoxdur. Ermənistanda da oxşar vəziyyət müşahidə olunur. 2019-cu ildə əhalinin 34%-də əsas rəqəmsal biliklər olmayıb. Ukraynanın Rəqəmsal Transformasiya Nazirliyinin 2019-cu ildə apardığı sorğu göstərir ki, Ukraynada əhalisinin 53%-nin rəqəmsal texnologiyalar sahəsindəki bacarıqları elementar səviyyədən də aşağıdır. Əhalinin 15,1%-i isə ümumiyyətlə rəqəmsal bacarıqlara malik deyil.
Bütün vətəndaşların rəqəmsallaşdırmadan faydalana bilməsi və rəqəmsal cəmiyyətdə iştirak etmək üçün lazımi bacarıqlara sahib olmasını təmin etmək üçün Avropa Komissiyası, Avropa Bacarıq Proqramı və Rəqəmsal Təhsil üzrə Fəaliyyət Planı kimi mövcud təşəbbüslərin köməyi ilə Avropa vətəndaşlarının ən azı 80%-ni əsas rəqəmsal bacarıqlara yiyələnməsini təmin etməyi planlaşdırır. Komissiya, digər məqsədlər ilə yanaşı, Aİ-nin 2030-cu il üzrə rəqəmsal texnologiyalar sahəsindəki iddialarını konkret bir müddət üçün planlaşdırmaq məqsədilə rəqəmsal kompass alətini təklif etmişdir. Əsas məqsədlər dörd sahə üzrə qruplaşdırılıb:
1) Rəqəmsal vərdişlərə sahib olan vətəndaşlar və yüksək səviyyəli bacarıqlara sahib rəqəmsal mütəxəssislər;2030-cu ilə qədər bütün yetkinlərin ən azı 80%-i əsas rəqəmsal vərdişlərə sahib olmalıdır və Aİ-də 20 milyon İKT mütəxəssisi olmalı və bu sahədə qadınların sayı artırılmalıdır;
2) Təhlükəsiz, səmərəli və dayanıqlı rəqəmsal infrastruktur; 2030-cu ilə qədər Aİ-dəki bütün ev təsərrüfatlarının giqabit həcmli internet bağlantısı olmalı və bütün yaşayış məntəqələri 5G ilə təmin olunmalıdır; Avropada qabaqcıl və dayanıqlı yarımkeçiricilərin istehsalı dünya istehsalının 20%-ni təşkil etməlidir; Aİ-də 10000 iqlimin neytrallığı və yüksək etibarlı sərhəd qovşaqları yerləşdirilməlidir; və Avropada ilk kvant kompüteri olmalıdır;
3) Biznes müəssisələrinin rəqəmsal transformasiyası; 2030-cu ilə qədər dörd şirkətdən üçündə bulud hesablama xidmətləri, böyük məlumatlar və süni intellektdən istifadə edilməlidir; KOB-ların 90%-dən çoxu ən azı rəqəmsal intensivliyin standart səviyyəsinə çatmalıdır; və Aİ-də “təkbuynuz” startapların sayı ikiqat artırılmalıdır;
4) Dövlət xidmətlərinin rəqəmsallaşdırılması; 2030-cu ilə qədər bütün əsas dövlət xidmətləri onlayn formata keçirilməlidir; bütün vətəndaşlar elektron sağlamlıq kartları əldə edə bilməlidir; və vətəndaşların 80%-i elektron identifikasiya texnoloji həllindən istifadə etməlidir.
Avropa Komissiyası rəqəmsal bacarıqlardakı boşluqların aradan qaldırılması və Avropada rəqəmsal bacarıqların artırılması üçün layihə və strategiyaların təşviqinə çalışır. Bu təşəbbüslərin əksəriyyəti EU4Digital proqramının Şərqi tərəfdaşlıq ölkələrində göstərdiyi səylər ilə sıx əlaqəlidir. Buraya Rəqəmsal bacarıqlar və məşğulluq üzrə milli koalisiyaların yaradılması və DESİ-yə uyğun olaraq rəqəmsal bacarıqlardakı boşluqların ölçülməsi və proqnozlaşdırılması üzrə ümumi metodologiyanın hazırlanması daxildir. Avropa Rəqəmsal Bacarıqlar və Məşğulluq Platforması, “Connecting Europe” Proqramı çərçivəsində icra olunmağa başlayan yeni təşəbbüsdür. Platformada rəqəmsal bacarıqlara dair məlumat və mənbələr, həmçinin Şərqi tərəfdaşlıq ölkələrində yeni yaradılan milli koalisiyalar üçün faydalı ola biləcək təlim və maliyyə imkanlarını yerləşdirilir.
Rəqəmsal bacarıqların ölçülməsinin rəqəmsal keçidin inkişafı və rəqəmsal bacarıqlardakı boşluğun təhlilində əsas rol oynadığı vurğulanır. Bu məqsədlə DESI hər il irəliləyişləri izləmək və daha çox səy göstərilməsinin tələb olunduğu sahələri müəyyən etmək üçün ittifaqa üzv dövlətlərin müxtəlif sahələrdəki fəaliyyətlərini izləyən hesabatlar hazırlayır. DESI-yə uyğun olaraq rəqəmsal bacarıqlar göstəricilərinin ölçülməsinin tətbiqi Şərqi tərəfdaş ölkələrindəki irəliləyişləri müqayisə etməyə, sərmayə qoyuluşlarının səmərəliliyini ölçməyə və onların rəqəmsal səriştə ilə bağlı təkmilləşdirilməsi tələb olunan sahələri müəyyənləşdirməsinə imkan verəcək.