EU4Digital Proqramının Elektron səhiyyə şəbəkəsi tibbi diaqnostik təsvirlərin qabaqcıl təhlili mövzusunda tədbir keçirib

  • Tarix: 12/03/21
  • Paylaş:

Keçən həftə EU4Digital altı Şərqi tərəfdaşlıq ölkəsindən Elektron səhiyyə şəbəkəsi üzvlərini bir araya gətirərək tibbi diaqnostik təsvirlərin qabaqcıl təhlilinin istifadəsinə dair virtual tədbir təşkil edib. Bu tədbir, bu il planlaşdırılan elektron səhiyyə sahəsindəki bir sıra birgə tədbirlərdən biridir.

Martın 5-də baş tutan iclas, EU4Digital Elektron səhiyyə istiqamətinin lideri sözügedən sahədə fəaliyyətlərin vəziyyəti və 2021-ci il üçün gözlənilən tədbirlər haqqında məlumat verib. EU4Digital qrupu həmçinin bu yaxınlarda həyata keçirilmiş Elektron səhiyyə üzrə sosial media kampaniyasının nəticələrini təqdim edib. Bu kampaniya, elektron səhiyyə sahəsindəki yenilikləri təbliğ edən bir sıra uğur hekayələri ilə 15 milyondan çox insanı əhatə edib.

Tədbirin növbəti hissəsində Moldova milli tədqiqat və təhsil şəbəkəsinin (RENAM) nümayəndəsi Peter Boqatensov “EU4Digital: Tədqiqat və Təhsil İcmalarının Əlaqələndirilməsi” (EaPConnect) layihəsinin gördüyü işləri təqdim edib. Sözügedən layihə səhiyyə işçiləri arasında etibarlı, güvənli və qənaətli əməkdaşığı dəstəkləyən xüsusi infrastruktur və gücləndirilmiş bağlantı kimi Elektron səhiyyə şəbəkəsinin faydalana biləcək sahələri nümayiş etdirir.

Sonrakı iki təqdimat Moldova və Belarusda EaPConnect layihəsi tərəfindən dəstəklənən işləri nümayiş etdirib.

Moldovada fəaliyyət göstərən RENAM-ın nümayəndəsi Aleksandr Qolubev tibbi diaqnostik təsvirlərin istehsalı, saxlanması və istifadəsini idarə etmək məqsədilə hazırlanmış “DICOM Network” tətbiqi üçün milli tədqiqat və təhsil şəbəkələri (MTTŞ) infrastrukturu dəstəyindən bəhs edib. Elektron səhiyyə şəbəkəsi Qolubevin gördüyü işlərin səhiyyə sahəsinə gətirə biləcəyi imkanlar, o cümlədən məsafədən iş imkanları, xərclərə qənaət və COVID-19 ilə bağlı innovativ texnoloji həllərdən ilham almışdır. Hal-hazırda “DICOM Network” Kişinyovdakı beş xəstəxananı bir-biri ilə əlaqələndirir və tibbi müayinələrə təhlükəsiz onlayn girişi təmin edir, eləcə də tibb müəssisələrinin həkimlərinə keyfiyyətli tibbi idarəetmədə kömək edir. Tədbirdə oxşar işlərin digər ölkələrə də genişləndirilməsinə maraq ifadə edilib.

Sonda, Belarus Milli Elmlər Akademiyası Birləşmiş İnformatika Problemləri İnstitutundan Vassili Kovalyov, tibbi diaqnostik təsvirlərin təhlili üzrə süni intellektə əsaslanan hesablama veb-xidmətləri haqqında danışıb. Kovalyov tibbi diaqnostik təsvirlərin təhlili sahəsində müstəsna iş təcrübəsini təqdim edib. Buraya onun Dərin təhsil (Deep learning) və tibbi diaqnostik təsvirlərin təhlilindəki hazırkı layihələri və gələcək planları daxildir. O, ŞT regionundakı bəzi ölkələrin artıq tibbi diaqnostik təsvirlərin təhlilində Belarus ilə sıx əməkdaşlıq etdiyini və digər ölkələrin gələcəkdə belə şəbəkələr qurmağa maraqlı olduğunu bildirib.

Moldova Tədqiqat və təhsil şəbəkələri assosiasiyası – www.renam.md

Biotibbi təsvirlərin təhlili qrupu – https://image.org.by/ EaP connect – https://eapconnect.eu/