Avropanın İKT sahəsində çalışan KOB-lar şəbəkəsi ŞT-dən olan assosiasiyaları əməkdaşlığa dəvət edir

  • Tarix: 14/10/21
  • Paylaş:

Oktyabrın 11-də EU4Digital təşəbbüsü Şərq Tərəfdaşlığı ölkələrindən olan maraqlı tərəflərin Avropa Rəqəmsal Texnologiyalar üzrə KOB-lar İttifaqına (DIGITAL SME) qoşulmasına dəstək olmaq və ŞT-dən olan iştirakçı İKT assosiasiyaları ilə “DIGITAL SME” şəbəkəsi arasında əməkdaşlıq əlaqələri qurmaq üçün xüsusi tədbir təşkil edib.

Tədbir Şərq Tərəfdaşlığı ölkələrində rəqəmsal texnologiyalar və İKT sahəsində çalışan KOB-ları əlaqələndirən və dəstəkləyən təşkilatların ehtiyaclarına həsr olunub. Tədbir iştirakçılarına Avropada İKT və rəqəmsal texnologiyalar sahəsində fəaliyyət göstərən KOB-ların ən böyük şəbəkəsi hesab olunan Avropa Rəqəmsal Texnologiyalar üzrə KOB-lar İttifaqı (European DIGITAL SME Alliance) haqqında ətraflı məlumat verilib. Sözügedən ittifaq daha əvvəl “Mütəxəssis icmaların inkişafının təşviqi və onların siyasətlərin hazırlanması və tətbiqində iştiraklarının artırılması” mövzusunda keçirilən şəbəkə tədbirində təqdim olunmuşdu.

Tədbirə Şərq Tərəfdaşlığı ölkələrində 15 assosiasiya və İKT sahəsində çalışan KOB-lara dəstək təşkilatlarından 20-ə yaxın nümayəndə qatılıb. İştirakçılara DIGITAL SME tərəfindən təmin olunan imkanlardan yararlanmağa dair bələdçi təqdim olunub və rəqəmsal texnologiyalar üzrə biznes assosiasiyaları üçün xüsusi xidmətlər haqqında məsləhətlər verilib.

EU4Digital Proqramının köməkçi qrup rəhbəri Ruta Salvite-Tamosiyuniyen tədbiri açıq elan etdikdən sonra EU4Digital proqramının İKT və innovasiyalar üzrə qrup rəhbəri Anna Pobol Avropa Rəqəmsal Texnologiyalar üzrə KOB-lar İttifaqının nümayəndələri ilə birlikdə ümumilikdə müzakirələrə rəhbərlik edib.

İlk növbədə Avropa Rəqəmsal Texnologiyalar üzrə KOB-lar İttifaqının Baş katibi Sebastiano Toffaletti təşkilatın rəqəmsal texnologiyalar sahəsində fəaliyyət göstərən KOB-ların Aİ-nin bu sahədə olan proqramının prioritetinə çevirmək məqsədlərini təqdim edib və standartlaşdırma, rəqəmsal bacarıqların inkişafı, əqli mülkiyyətin qorunması kimi sahələrdə xüsusi işçi qrupları və hədəf qruplarının məşğul olduğu ümumi çətinliklərə toxunub.

Sonra isə adı çəkilən ittifaqın strategiya və biznesin inkişafı üzrə rəhbəri Moritz Zimmerman konkret hansı KOB-ların Rəqəmsal İnnovatorlar Klubu təşəbbüsündən faydalana biləcəyindən; və Avropa Rəqəmsal texnologiyalar üzrə KOB-ların ittifaqında layihə rəhbəri Custina Beliauskaite ekosistem quruculuğu üzrə Avropa miqyaslı layihələrə nümunə olaraq iştirakçılara Digital SkillUp Platforması, Avropa Rəqəmsal bacarıqlar və məşğulluq platformasıEUHubs4Data haqqında qısa məlumat verib.

Tədbirin yekun hissəsində iştirakçılar xüsusi ehtiyaclarını və çətinliklərini müzakirə edərək həmin çətinliklərin DIGITAL SME vasitəsilə həllinin mümkünlüyünə toxunublar. Rəqəmsal texnologiyalar sahəsində çalışan KOB-lar arasında B2B əlaqələrinin qurulması və rəqəmsal bazarların inkişafı üçün Aİ-nin mövcud təşəbbüsləri ilə əlaqələndirilməsinin ŞT ölkələri üçün vacib olduğu vurğulanıb. Öz növbəsində Rumıniyanın Cluj İT Klasterinin icraçı direktoru və sözügedən ittifaqın rəqəmsal transformasiya üzrə rəhbəri Andrey Klemen kiçik ölkələrdə rəqəmsal biznes assosiasiyalarının Balkanlar, Qara Dəniz və Baltik Dənizi hövzəsi İKT Klasterləri Şəbəkəsini (3B ICT Network)  təsis edilməsi və onların DIGITAL SME-yə kollektiv üzv olmaları ilə bağlı təcrübələrini bölüşüb. Bu ittifaq üzv təşkilatların potensialını artırmağa və innovasiya ekosistemi iştirakçıları ilə beynəlxalq əməkdaşlığı gücləndirməyə kömək edir. Müqayisəli əməkdaşlıq modelinin təşkilati bacarıqların artırılması və rəqəmsal bazarların inkişafı istiqamətində Şərq Tərəfdaşlığından olan rəqəmsal biznes assosiasiyaları üçün faydalı ola biləcəyi qeyd edilib.

Tədbirin sonunda iştirakçılar Şərq Tərəfdaşlığı ölkələrinin rəqəmsal biznes assosiasiyaları ilə Aİ arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində gələcək fəaliyyətlərdə maraqlı olduqlarını bildiriblər və DIGITAL SME-nin nümayəndələri gələcək əlaqələrin inkişafı üçün bir platforma olaraq xidmət etməyə hazır olduqlarını bir daha vurğulayıblar.