EU4Digital Proqramı “Şərqi tərəfdaşlıq ölkələrində rəqəmsal bacarıqlar sahəsində boşluqların ölçülməsi və proqnozlaşdırılmasına dair metodologiya” nəşr edib. Metodologiyada Şərqi tərəfdaşlıq ölkələrində rəqəmsal bacarıqlar sahəsində boşluqların ölçülməsi və proqnozlaşdırılması üzrə mövcud təcrübələr, eyni zamanda Aİ təcrübələrinə uyğunlaşdırılmış vahid ölçmə və proqnozlaşdırma üzrə metodologiyanın tətbiqinə dair tövsiyələr barədə ümumi məlumat verilmişdir.
Rəqəmsal bacarıqlar İKT sahəsində çalışan mütəxəssislər və ya rəqəmsal transformasiyaya məruz qalan şirkətlərlə yanaşı, rəqəmsal iqtisadiyyatda və cəmiyyətdə uğurla iştirak etmək üçün hər bir vətəndaş üçün vacibdir. Avropa İttifaqı Şurasının 2016-cı ildə irəli sürdüyü “İxtisasartırma yolları: Yetkinlər üçün yeni imkanlar” adlı təşəbbüsündə rəqəmsal texnologiyalar sahəsində səriştənin oxumaq və saymaq qədər vacib olduğu vurğulanır. Rəqəmsal texnologiyalar sahəsində savadlılığın və bacarıqların olmaması, bir çox insan üçün İKT-nin tətbiqi ilə məhsuldarlığın artmasını məhdudlaşdıran və ya əngəlləyən amil ola bilər.
Rəqəmsal texnologiyalar sahəsində savadlılığın artırılması və bacarıqlarda olan uyğunsuzluqların aradan qaldırılması üçün ilk növbədə problemi müəyyənləşdirmək tələb olunur. Rəqəmsal bacarıqlardakı boşluqların dəlil əsaslı müəyyən edilməsi və rəqəmsal bacarıqlar üzrə təşəbbüslərin məqsədyönlü planlaşdırılması rəqəmsal bacarıqların ölçülməsində mühüm rol oynayır. Rəqəmsal bacarıqların ölçülməsi eyni zamanda rəqəmsal bacarıqlar sahəsindəki hədəflər üzrə irəliləyişi izləməyə kömək edə bilər.
Aİ-də Rəqəmsal İqtisadiyyat və Cəmiyyət İndeksi (DESİ) rəqəmsal bağlantı, rəqəmsal bacarıqlar, onlayn fəaliyyətlər, müəssisələrin rəqəmsallaşdırılması və rəqəmsal ictimai xidmətlər sahələrində Aİ-yə üzv dövlətlərin fəaliyyət göstəricilərini izləyir. 2014-cü ildən etibarən DESİ insan kapitalı sahəsi daxil olmaqla, Aİ ölkəsində rəqəmsal iqtisadiyyat və cəmiyyətə doğru irəliləyişləri ölçür. DESİ-nin insan kapitalı sahəsində apardığı ölçmələr rəqəmsal həllərin tətbiq etdiyi imkanlardan istifadə üçün tələb olunan bacarıqları ölçür. Bundan əlavə, Aİ-də işçi qüvvəsində və təhsildə İKT-nin istifadəsinin bir neçə göstəricisi mütəmadi olaraq ölçülür və bu da rəqəmsal bacarıqlara dair əlavə məlumatlar əldə etməyə imkan verir. Uyğunlaşdırılmış məlumatların ölçülməsi, həmçinin Aİ-yə üzv ölkələr arasında rəqəmsal bacarıqların inkişafındakı irəliləyişləri müqayisə etməyə, bacarıqlardakı boşluqları müəyyənləşdirməyə və regional və milli təşəbbüslərin təsirini qiymətləndirməyə şərait yaradır.
EU4Digital Proqramının məqsədi, rəqəmsal bacarıqların ölçülməsi və proqnozlaşdırılmasının mövcud vəziyyətini qiymətləndirmək və onları Aİ təcrübələri ilə uyğunlaşdırmaq üçün tövsiyələr hazırlamaq olub. Nəşr olunmuş Metodologiyada Şərqi tərəfdaşlıq ölkələri daxilində məlumatların toplanmasını və proqnozlaşdırılması işini təkmilləşdirmək üçün bir sıra regional tövsiyələr toplanıb.
Metodologiyada deyilir ki, bütün Şərqi tərəfdaşlıq ölkələri rəqəmsal bacarıqlara dair müəyyən məlumatlar toplayıb və həmin bacarıqların ölçülməsi və proqnozlaşdırılması ilə bağlı təcrübələrini Aİ-nin metodologiyalarına uyğunlaşdırmaqda maraqlı olduqlarını bildiriblər. Göstəricilərin daha da genişləndirilməsi və ölkələr arasında müqayisənin yaxşılaşdırılması Şərq Tərəfdaşlığı regionundakı digər ölkələrlə müqayisəli şəkildə irəliləməyə əhəmiyyətli dərəcədə kömək edə bilər. Nümunələrin götürülməsi, sorğuların dizaynı və məlumatların təsnifatı
daxil olmaqla, məlumat toplama metodlarının uyğunlaşdırılması ilə müqayisə etmək mümkün olacaq.
Bundan əlavə, rəqəmsal bacarıqlar ilə bağlı ehtiyacların proqnozlaşdırılması, bacarıqlara dair sorğular, işçi qüvvəsi üzrə ümumi proqnozlar və mütəxəssis işçi qrupları kimi keyfiyyət metodları daxil olmaqla, regionda müxtəlif formalarda həyata keçirilir. Bununla belə, hal-hazırda rəqəmsal bacarıqlarla bağlı gələcək ehtiyaclar regional səviyyədə və ya ümumi yanaşma vasitəsilə qiymətləndirilmir. Halbuki, bu, rəqəmsal səriştələrin müxtəlif növlərinin və səviyyələrinin artan ehtiyaclarına cavab vermək üçün təhsil və təlim sisteminin qabiliyyətinin artırılmasına güclü bir töhfə ola bilər.
Bununla yanaşı, hesabatda, məlumatların toplanması və təhlili ilə məşğul olan kadrların potensialının artırılması və ümummilli sorğuların, məlumatların təhlili və proqnozlaşdırılmasının həyata keçirilməsi üçün kifayət qədər resursların ayrılmasına ehtiyac kimi bütün Şərqi tərəfdaşlıq ölkələrində vahid metodologiya qurulmadan əvvəl yerinə yetirilməli olan bir sıra ilkin şərtlər müəyyən edilmişdir.
Nəşr edilmiş hesabata buradan baxa bilərsiniz.